AREA

Şriftin ölçüsü

Şriftin növü

San-SerifSerif

ŞƏKİLLƏRİN TƏSVİRİ

Görünüş

Energetika naziri: “Azərbaycan qonşu ölkələr və Avropa ilə enerji tərəfdaşlığını bir çox alternativ mənbələr üzrə genişləndirən ölkə olacaqdır”

Energetika naziri Pərviz Şahbazov  27-ci “Bakı Enerji Forumu”nda salamlama nitqi ilə çıxış edib. Çıxışda Ümummilli lider Heydər Əliyevin neft strategiyası ilə təşəkkül tapmış “Xəzər Neft və Qaz” sərgi - konfransının uzun illər Azərbaycanın neft-qaz ölkəsi kimi inkişafına qlobal marağın cəlb edilməsində və nailiyyətlərinin dünyaya tanıdılmasında mühüm rolundan, bu müddətdə ölkəmizin Xəzəri enerji mərkəzinə çevirən uğurlarından bəhs edilib. Bildirilib ki, Azərbaycan Prezidenti cənab İlham Əliyevin bütün məsələlərdə olduğu kimi enerji ilə bağlı da doğru zamanda, ardıcıllıqla qəbul etdiyi çevik strateji qərarlar Avropa və dünya bazarlarına dayanıqlı enerji təchizatının qarantı olan diversifikasiya nümunələrini qazandırıb. Azərbaycan qazının Cənub Qaz Dəhlizi ilə ən çox ehtiyac olan vaxtda avropalı istehlakçılara tədarükü məhz belə bir siyasətin nəticəsidir. Energetika naziri deyib ki, bu gün Azərbaycan qazı müxtəlif ölkələrin ümumi qaz istehlakının 13-90%-ni təşkil edir: “TANAP və TAP ilə Türkiyə və Avropaya indiyə kimi 29 milyard kubmetr, bu ilin 5 ayında isə 6,8 milyard kubmetr qaz nəql olunub. İlin sonuna bu göstəricinin 16 milyard kubmetrə çatacağı, Avropaya qaz ixracımızın 10 milyard kubmetrin üzərində olacağı gözlənilir.”

Hazırda qlobal enerji arxitekturasının enerji təhlükəsizliyi və iqlim çağırışlarına uyğun yenidən tərtib olunduğunu vurğulayan nazir bu prosesdə “yaşıl” enerjinin enerji təchizatında üstünlük verilən diversifikasiya mənbəyi olduğunu qeyd edib. Bildirilib ki, enerji təhlükəsizliyi və dekarbonizasiyanın belə bir sinerjisi “yaşıl” enerji keçidini sürətləndirən, onu enerji müstəqilliyinin drayverinə çevirən müasir qlobal tendensiyadır. Mürəkkəb reallıqda yeni həllər dünya əhalisinin, təxminən, 80%-nin yaşadığı netto-enerji idxalçısı olan ölkələr qədər enerji ölkələrinin də inkişaf kurslarına istiqamət verir. Bu ənənəvi neft-qaz platformasının enerji forumuna çevrilməsi də məhz milli enerji sektorunda dəyişikliklərin təzahürüdür.

Energetika naziri Pərviz Şahbazov deyib: “Bu gün burada deyə bilərik ki, Azərbaycanın enerji sisteminin dinamikasını dəyişəcək transformativ proseslər baş verir. Xəzərin enerji tarixində tamamilə fərqli, yeni bir səhifə açılır. Belə ki, iki gün sonra Qarabağın incisi Şuşada iri həcmli yaşıl” enerji layihələri üzrə yeni müqaviləyə imza atacağıq. Belə davamlı təşəbbüslər Azərbaycan Prezidentinin ölkənin inkişafında bərpa olunan enerji mənbələrini strateji prioritet kimi təsbit edən “yaşıl” enerji kursuna qısa müddətdə beynəlxalq marağın göstəricisidir. Azad edilmiş ərazilərin zəngin bərpa olunan enerji potensialının “sıfır emissiya”lı “yaşıl” enerji zonası konsepsiyasında istifadəsi çağırışına investorların adekvat reaksiyasıdır.”

Çıxışda Azərbaycanın “yaşıl” artım ölkəsinə transformasiyasında ağırlıq mərkəzinin tamamilə bərpa olunan enerjidən istifadəyə əsaslanan “yaşıl” enerji zonası kimi Qarabağ-Şərqi Zəngəzur və 157 QVt-lıq külək enerjisi potensialı olan Xəzər dənizinin üzərinə düşdüyü, bu geostrateji əhəmiyyətli məkanların Azərbaycanın həm də “yaşıl” enerji ixracının mənbəyi olacağı qeyd edilib. İxrac marşrutları qismində Zəngəzur dəhlizi, Qara dəniz üzərindən planlaşdırılan yeni ötürücü xətlərdən bəhs edilib. Azərbaycanın enerji sahəsində çoxistiqamətli islahatlarla dəstəklənən “yaşıl” gündəliyinin qlobal inkişaf meyilləri ilə uzlaşdığını deyən nazir bildirib ki,  Azərbaycan irəlidə qənaət ediləcək qazın, “yaşıl enerji” və “təmiz” hidrogenin ixracı sayəsində qonşu ölkələr və Avropa ilə enerji tərəfdaşlığını bir çox alternativ mənbələr üzrə genişləndirən ölkə olacaqdır.

Nazir “Enerji keçidi dövründə dəyişən dünyada yeni imkanlar və problemlər” mövzusunda müzakirələrdə də iştirak edib.

Göstərilən platformalarda paylaş: