AREA

Şriftin ölçüsü

Şriftin növü

San-SerifSerif

ŞƏKİLLƏRİN TƏSVİRİ

Görünüş

Bakı İqlim Fəaliyyəti Həftəsi çərçivəsində yaşıl enerji sənayesinin inkişafına həsr olunmuş panel sessiyası keçirilib

7 sentyabr 2026-cı il tarixində Bakı İqlim Fəaliyyəti Həftəsi (Baku Climate Action Week 2026) çərçivəsində Energetika Nazirliyinin təşkilatçılığı ilə “İnnovasiya, rəqəmsal texnologiyalar və regional əməkdaşlıq vasitəsilə yaşıl enerji sənayesinin inkişafı” mövzusunda panel sessiyası keçirilib. Sessiyada yaşıl sənayenin inkişafı, rəqəmsallaşma və regional tərəfdaşlıqlar əsas müzakirə mövzuları olub.

Tədbirdə Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyinin direktoru Cavid Abdullayev açılış nitqi ilə çıxış edib. O, qlobal enerji keçidinin yeni mərhələyə daxil olduğunu, bərpa olunan enerji güclərinin artırılması ilə yanaşı, onların iqtisadiyyata səmərəli inteqrasiyası, investisiyaların cəlb edilməsi və enerji təhlükəsizliyinin gücləndirilməsinin vacibliyini qeyd edib. Bu baxımdan innovasiya, rəqəmsallaşma və regional əməkdaşlığın Azərbaycanın uzunmüddətli enerji strategiyasında mühüm rol oynadığı vurğulanıb.

Çıxış zamanı Azərbaycanın günəş və külək enerjisi ilə yanaşı, yaşıl hidrogen və onun törəmələri, geotermal enerji və rəqəmsal həllər üzrə həyata keçirdiyi tədbirlər barədə məlumat verilib. Azərbaycanın Hidrogen üzrə Milli Strateji Baxış sənədi və onun İcra Planı, eləcə də Bərpa Olunan Enerji Mənbələri üzrə İnformasiya Sisteminin (BOEMİS) inkişaf etdirilməsi istiqamətində görülən işlər diqqətə çatdırılıb. Cavid Abdullayev, həmçinin Azərbaycanın Mərkəzi Asiya, Cənubi Qafqaz, Türkiyə və Avropa arasında yaşıl enerji bağlantılarının inkişafında roluna toxunub.

Agentliyin direktor müavini Rəna Hümbətovanın moderatorluğu ilə keçirilən panel müzakirələrində UNIDO-nun İqlim texnologiyaları üzrə tərəfdaşlıq bölməsinin rəhbəri Petra Schwager, İqtisadi Əməkdaşlıq Təşkilatının Təmiz Enerji Mərkəzinin (CECECO) icraçı direktoru Aysel Yaqubova, Alman-Azərbaycan Xarici Ticarət Palatası (AHK Azərbaycan) icraçı direktoru Nargis Wieck, “SOCAR Green” MMC-nin baş direktoru Elmir Musayev və ADA Universitetinin İnkişaf və Diplomatiya İnstitutunun Tərəfdaşlıqlar üzrə rəhbəri Nərgiz İsmayılova iştirak ediblər.

Panel çərçivəsində yaşıl enerji sənayesində innovasiya və rəqəmsal texnologiyaların tətbiqi, texnologiya və bilik transferi, dövlət və özəl sektor arasında əməkdaşlıq, investisiyaların təşviqi və regional tərəfdaşlıqların gücləndirilməsi ətrafında fikir mübadiləsi aparılıb. Azərbaycanın regional yaşıl enerji dəyər zəncirlərində rolunun artırılması və yaşıl hidrogen və onun törəmələrinin gələcək ixrac imkanlarına dair müzakirələr aparılıb.

Göstərilən platformalarda paylaş: