AREA

Font size

Font type

San-SerifSerif

Image visibility

Visibility

Regulation

Azərbaycan Respublikası Prezidentinin  2020- ci il 22 sentyabr tarixli 1159 nömrəli  Fərmanı ilə  təsdiq edilmişdir

1. Ümumi müddəalar

1.1. Azərbaycan Respublikasının Energetika Nazirliyi yanında Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyi (bundan sonra – Agentlik) Azərbaycan Respublikasında bərpa olunan enerji mənbələri və onlardan səmərəli istifadə sahəsində (bundan sonra – müvafiq sahədə) fəaliyyətin təşkilini və tənzimlənməsini təmin edən, dövlət siyasətinin həyata keçirilməsində iştirak edən, Azərbaycan Respublikası Energetika Nazirliyinin (bundan sonra – Nazirlik) strukturuna daxil olan qurumdur.
1.2. Agentlik öz fəaliyyətində Azərbaycan Respublikasının Konstitusiyasını, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələri, Azərbaycan Respublikasının qanunlarını, Azərbaycan Respublikası Prezidentinin fərman və sərəncamlarını, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamlarını, bu Əsasnaməni və Nazirliyin hüquqi aktlarını rəhbər tutur.
1.3. Agentlik bu Əsasnamədə nəzərdə tutulan vəzifələrini yerinə yetirərkən və hüquqlarını həyata keçirərkən, dövlət və yerli özünüidarəetmə orqanları, beynəlxalq və qeyri-hökumət təşkilatları ilə, habelə hüquqi və fiziki şəxslərlə əlaqəli fəaliyyət göstərir.
1.4. Agentliyin müstəqil balansı, istifadəsində olan dövlət əmlakı, xəzinə və bank hesabları, üzərində Azərbaycan Respublikası Dövlət Gerbinin təsviri və öz adı həkk olunmuş möhürü, müvafiq ştampları və blankları vardır.
1.5. Agentliyin saxlanılması xərcləri və fəaliyyəti Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti və qanunda nəzərdə tutulmuş digər mənbələr hesabına maliyyələşdirilir.
1.6. Agentlik Bakı şəhərində yerləşir.

2. Agentliyin fəaliyyət istiqamətləri

2.1. Agentliyin fəaliyyət istiqamətləri aşağıdakılardır:
2.1.1. müvafiq sahədə dövlət siyasətinin formalaşdırılmasında iştirak edir;
2.1.2. müvafiq sahənin inkişafı və bərpa olunan enerji mənbələri potensialından səmərəli istifadənin təmin edilməsi üçün tədbirlər görür;
2.1.3. müvafiq sahədə fəaliyyətin təşkilinin və tənzimlənməsinin təmin edilməsi üçün tədbirlər görür;
2.1.4. müvafiq sahənin investisiya cəlbediciliyini artırmaq üçün tədbirlər görür.

3. Agentliyin vəzifələri

3.1. Bu Əsasnamə ilə müəyyən edilmiş fəaliyyət istiqamətlərinə uyğun olaraq Agentliyin vəzifələri aşağıdakılardır:
3.1.1. müvafiq sahədə normativ hüquqi aktların layihələrinin, inkişaf konsepsiyalarının və məqsədli proqramların hazırlanmasında və həyata keçirilməsində iştirak etmək, hazırlanmış layihələrə dair rəy və təkliflərini Nazirliyə təqdim etmək;
3.1.2. dövlət orqanları və qurumlarının, yerli özünüidarəetmə orqanlarının, hüquqi və fiziki şəxslərin müvafiq sahədə fəaliyyətini əlaqələndirmək;
3.1.3. Azərbaycan Respublikasının beynəlxalq müqavilələri ilə tənzimlənən və Agentliyin səlahiyyətinə aid olan məsələlərlə bağlı Azərbaycan Respublikasının götürdüyü öhdəliklərin yerinə yetirilməsini təmin etmək;
3.1.4. Azərbaycan Respublikasının ayrı-ayrı regionları üzrə bərpa olunan enerji mənbələrinin potensialını və onlardan istifadə üçün əsas istiqamətləri müəyyənləşdirmək;
3.1.5. müvafiq sahədə məlumatların toplanılmasını, emalını, saxlanılmasını və paylaşılmasını təmin edən bərpa olunan enerji mənbələrinə dair elektron məlumat sistemini yaratmaq;
3.1.6. bərpa olunan enerji mənbələri üzrə ölçmə müşahidə avadanlığının quraşdırmasını və istismarını təmin etmək, Nazirliyin müəyyən etdiyi qaydalara uyğun olaraq toplanılmış və emal edilmiş məlumatlardan istifadəni təşkil etmək;
3.1.7. müvafiq sahədə mühəndis-axtarış, kəşfiyyat, layihələndirmə işlərinin aparılmasını, perspektivli layihələrin texniki-iqtisadi əsaslandırılmasının hazırlanmasını təşkil etmək;
3.1.8. müvafiq sahədə istehsalın və istehlakın proqnoz göstəriciləri barədə təklifləri Nazirliyə təqdim etmək;
3.1.9. bərpa olunan enerji mənbələrindən səmərəli istifadənin təmin edilməsi və dəstəklənməsi üçün müvafiq fondlar yaradılması, yeni energetika obyektlərinin layihələrinin həyata keçirilməsi ilə bağlı Nazirliyə təkliflər vermək;
3.1.10. müvafiq sahənin investisiya qoyuluşu üçün cəlbediciliyinin təmin edilməsi, habelə dəstək mexanizmlərinin tətbiqi qaydalarının hazırlanmasında və həyata keçirilməsində iştirak etmək, təkliflər vermək və qəbul olunmuş qərarların icrasını təmin etmək;
3.1.11. bərpa olunan enerji mənbələri üzrə potensiala malik ərazilərin müəyyənləşdirilməsini və prioritetləşdirilməsini təmin etmək, prioritetləşdirilmiş ərazilərdə elektrik enerjisi istehsalı ilə bağlı Nazirliyə təkliflər vermək, seçilmiş ərazilərin investorlara təqdim edilməsi üçün hazırlıq işlərini həyata keçirmək;
3.1.12. bərpa olunan enerji mənbələri potensialı olan ərazilərdə torpaq sahələrindən (su obyektlərindən) səmərəli istifadə ilə bağlı Nazirliyə təkliflər vermək, onların qorunması üçün tədbirlər görmək, bərpa olunan enerjidən istifadə potensialının qiymətləndirilməsi üzrə monitorinqlər keçirmək;
3.1.13. elektrik enerjisinin satın alınması müqaviləsi əsasında həyata keçirilən bərpa olunan enerji mənbələri layihələrinin icrası ilə bağlı monitorinq aparmaq və nəticələri barədə Nazirliyə məlumat vermək;
3.1.14. bərpa olunan enerjinin istehsalı, ötürülməsi (nəqli), paylanması sistemlərinin optimallaşdırılması və səmərəli istifadəsi üçün Nazirliyə təkliflər vermək, həyata keçirilən tədbirlərdə iştirak etmək;
3.1.15. müvafiq sahədə tariflərin formalaşdırılmasında və tariflərin müəyyənləşdirilməsi metodologiyasının hazırlanmasında iştirak etmək, tariflərin təkmilləşdirilməsi və tətbiqi ilə bağlı təkliflər vermək;
3.1.16. müvafiq sahədə texniki normativ hüquqi aktların tələblərinə uyğun olmayan, insanların həyatına, sağlamlığına və dövlətin əmlak maraqlarına, habelə ətraf mühitə birbaşa və mühüm təhlükə yarada və ya mühüm zərər vura bilən avadanlıq və qurğulardan istifadənin qarşısının alınması ilə bağlı həyata keçirilən tədbirlərdə iştirak etmək;
3.1.17. bərpa olunan enerji mənbələrindən enerji resurslarının istehsalı, ötürülməsi, paylanması və istehlakı sahəsində texnoloji itkilərin və enerji sərfinin azaldılmasına yönələn tədbirlərin hazırlanmasını və həyata keçirilməsini təmin etmək, ölkənin enerji təhlükəsizliyinin təmin olunması tədbirlərinin hazırlanmasında və həyata keçirilməsində iştirak etmək;
3.1.18. müvafiq sahədə innovasiya fəaliyyətinin təşkili, innovasiyaların inkişafı və tətbiqi istiqamətində Nazirliyə təkliflər vermək, qəbul edilmiş qərarların icrasında iştirak etmək;
3.1.19. bərpa olunan enerji mənbələrindən istifadə sahəsində ekoloji təhlükəsizliyin təmin edilməsi ilə bağlı həyata keçirilən tədbirlərdə iştirak etmək;
3.1.20. qabaqcıl beynəlxalq təcrübəni nəzərə almaqla, müvafiq sahədə elmi-texniki nailiyyətlərin tətbiqini təmin etmək;
3.1.21. müvafiq sahədə sərgilər keçirilməsini təşkil etmək;
3.1.22. müvafiq sahədə elmi tədqiqat, tədris və sınaq işlərinin həyata keçirilməsi məqsədilə infrastruktur yaratmaq və müasir avadanlığın, texnologiyaların, texniki və digər vasitələrin alınmasını və onlardan istifadəni təşkil etmək;
3.1.23. dövlət və kommersiya sirrinin, habelə məxfilik rejiminin qorunması üçün tədbirlər görmək;
3.1.24. Agentliyin fəaliyyəti ilə bağlı daxil olan müraciətlərə Azərbaycan Respublikasının “Vətəndaşların müraciətləri haqqında”, “İnzibati icraat haqqında” və “İnformasiya əldə etmək haqqında” qanunlarına uyğun olaraq baxmaq və qanunla müəyyən edilmiş qaydada tədbirlər görmək;
3.1.25. kargüzarlığı və vətəndaşların qəbulunu müvafiq normativ hüquqi aktların tələblərinə uyğun təşkil etmək, Agentlik əməkdaşlarının əlavə təhsili və peşəkarlığının yüksəldilməsi üçün tədbirlər görmək;
3.1.26. öz fəaliyyəti haqqında əhalinin məlumatlandırılmasını, internet saytının yaradılmasını, malik olduğu və siyahısı “İnformasiya əldə etmək haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş açıqlanmalı olan ictimai informasiyanın həmin saytda yerləşdirilməsini və bu informasiyanın daim yenilənməsini təmin etmək;
3.1.27. Agentliyə ayrılan büdcə vəsaitindən, kredit, qrant və digər maliyyə vəsaitindən təyinatı üzrə səmərəli istifadə olunmasını təmin etmək;
3.1.28. Agentliyin informasiya təminatını təşkil etmək və onun təhlükəsizliyini təmin etmək;
3.1.29. Agentliyin strukturunun və fəaliyyətinin təkmilləşdirilməsi ilə bağlı Nazirliyə təkliflər vermək;
3.1.30. Agentlikdə kargüzarlıq və arxiv işinin aparılmasını təşkil etmək;
3.1.31. Agentliyin fəaliyyətinin nəticələri barədə Nazirliyə hesabat təqdim etmək;
3.1.32. Azərbaycan Respublikası Prezidentinin aktları ilə müəyyən edilmiş digər vəzifələri yerinə yetirmək.

4. Agentliyin hüquqları

4.1. Bu Əsasnamə ilə müəyyən edilmiş vəzifələri yerinə yetirmək üçün Agentliyin aşağıdakı hüquqları vardır:
4.1.1. müvafiq sahədə dövlət siyasətinin formalaşdırılmasında iştirak etmək və sahənin təkmilləşdirilməsi ilə bağlı təkliflər vermək;
4.1.2. müvafiq sahədə normativ hüquqi aktın layihəsinin qəbul olunması, aktda dəyişiklik edilməsi, aktın şərh olunması, qüvvəsinin dayandırılması və ya ləğv edilməsi haqqında aidiyyəti üzrə təkliflər vermək;
4.1.3. müvafiq sahədə beynəlxalq müqavilələrə Azərbaycan Respublikasının tərəfdar çıxması barədə Nazirliyə təkliflər vermək;
4.1.4. fəaliyyət istiqamətləri üzrə beynəlxalq tədbirlərdə iştirak etmək, beynəlxalq təşkilatlarla, xarici dövlətlərin aidiyyəti dövlət orqanları (qurumları) ilə əməkdaşlıq çərçivəsində müvafiq qabaqcıl və innovativ təcrübələri öyrənmək və tətbiq etmək;
4.1.5. fəaliyyət istiqamətlərinə aid məsələlərlə bağlı araşdırmalar aparmaq, işçi qruplar və komissiyalar yaratmaq;
4.1.6. fəaliyyət istiqamətləri üzrə dövlət və yerli özünüidarəetmə orqanlarına, mülkiyyət və təşkilati-hüquqi formasından asılı olmayaraq müəssisə, idarə və təşkilatlara, fiziki və hüquqi şəxslərə zəruri məlumatlar (sənədlər) barədə sorğu vermək və onlardan belə məlumatları (sənədləri) almaq;
4.1.7. müstəqil ekspertləri və mütəxəssisləri, elmi təşkilatları qanunvericiliklə müəyyən edilmiş qaydada öz fəaliyyətinə cəlb etmək;
4.1.8. fəaliyyət istiqamətlərinə aid məsələlərlə bağlı konfranslar, müşavirələr, seminarlar keçirmək və digər tədbirlər təşkil etmək;
4.1.9. əməkdaşlarını dövlət təltiflərinə və digər mükafatlara təqdim etmək, onların həvəsləndirilməsi üçün tədbirlər görmək;
4.1.10. fəaliyyət sahəsi ilə əlaqədar müqavilələr bağlamaq, onların yerinə yetirilməsinə nəzarət etmək, fəaliyyətinə dair analitik materiallar hazırlamaq, aidiyyəti üzrə təkliflər təqdim etmək;
4.1.11. müvafiq sahədə ixtisaslı kadrların, mütəxəssislərin hazırlanması və ixtisasının artırılması fəaliyyətində iştirak etmək;
4.1.12. xüsusi bülletenlər və digər nəşrlər buraxmaq;
4.1.13. Azərbaycan Respublikası Prezidentinin aktları ilə müəyyən edilmiş digər hüquqları həyata keçirmək.

5. Agentliyin fəaliyyətinin təşkili

5.1. Agentlik öz fəaliyyətini Aparatı və onun strukturuna daxil olan qurumlar və tabeliyindəki digər qurumlar vasitəsilə həyata keçirir.
5.2. Agentliyin fəaliyyətinə Azərbaycan Respublikası Energetika nazirinin vəzifəyə təyin və vəzifədən azad etdiyi direktor rəhbərlik edir. Agentliyin direktoru Agentliyə həvalə edilmiş vəzifələrin yerinə yetirilməsinə və hüquqların həyata keçirilməsinə görə şəxsən məsuliyyət daşıyır.
5.3. Agentlik direktorunun Azərbaycan Respublikası Energetika nazirinin vəzifəyə təyin və vəzifədən azad etdiyi iki müavini vardır.
5.4. Agentlik direktorunun müavinləri vəzifə bölgüsünə uyğun olaraq fəaliyyət göstərir və onlara həvalə edilmiş vəzifələrin yerinə yetirilməsinə görə şəxsən məsuliyyət daşıyırlar.
5.5. Agentliyin direktoru:
5.5.1. Agentliyin fəaliyyətini təşkil edir və ona rəhbərlik edir;
5.5.2. dövlət orqanları (qurumları) ilə, yerli özünüidarəetmə orqanları ilə, hüquqi və fiziki şəxslərlə münasibətlərdə Agentliyi təmsil edir;
5.5.3. müəyyən edilmiş əməyin ödənilməsi fondu və işçilərin say həddi daxilində Agentliyin strukturunu, ştat cədvəlini və xərclər smetasını, habelə struktur bölmələrinin əsasnamələrini təsdiq olunması üçün Nazirliyə təqdim edir;
5.5.4. tabeliyindəki hüquqi şəxslərin nizamnamələrini təsdiq olunması üçün təqdim edir;
5.5.5. müavinləri arasında vəzifə bölgüsü aparır, onların, habelə Agentliyin digər vəzifəli şəxslərinin qarşılıqlı fəaliyyətini təmin edir;
5.5.6. Agentlik direktorunun müavinləri və Agentliyin struktur bölmələrinin rəhbərləri istisna olmaqla, Agentliyin digər işçilərini və tabeliyindəki hüquqi şəxslərin rəhbər işçilərini vəzifəyə təyin və vəzifədən azad edir, işçilərlə əmək müqavilələri bağlayır, onların fəaliyyətinə rəhbərlik edir, həvəsləndirmə və intizam tədbirləri tətbiq edir, işçilərin ixtisasının artırılması, eləcə də onların peşə hazırlığının təmin edilməsi üçün müvafiq tədbirlər görür;
5.5.7. Agentliyin işçiləri üçün icrası məcburi olan əmr və göstərişlər verir, habelə onların icrasına nəzarəti həyata keçirir;
5.5.8. Agentliyin strukturunun və fəaliyyətinin təkmilləşdirilməsi ilə bağlı təkliflərini, o cümlədən hüquqi aktların layihələrini hazırlayıb Nazirliyə təqdim edir;
5.5.9. Nazirliyin iş planında və qərarlarında, Azərbaycan Respublikası Energetika nazirinin əmr, sərəncam və göstərişlərində nəzərdə tutulmuş aidiyyəti tədbirlərin yerinə yetirilməsini təmin edir;
5.5.10. vətəndaşların qəbulunu və müraciətlərinə baxılmanı təmin edir;
5.5.11. digər mənbələrdən daxil olan vəsaitin xərclənməsinə dair hesabatları rübdə bir dəfə Nazirliyə təqdim edir;
5.5.12. Agentliyin fəaliyyəti barədə Nazirliyə mütəmadi olaraq hesabat verir;
5.5.13. dövlət büdcəsindən ayrılan vəsaitin, büdcədənkənar xüsusi vəsaitin təyinatı üzrə xərclənməsini təmin edir, vəsait həddi nəzərə alınmaqla, Agentlik işçilərinin vəzifə maaşlarına müəyyən edilmiş əlavələrin, maddi yardımların və mükafatların verilməsini təmin edir;
5.5.14. Agentlik fəaliyyət istiqamətlərinə uyğun olaraq elmi-texniki nailiyyətlərin və qabaqcıl təcrübənin öyrənilməsi, habelə həyata keçirilməsi üçün ictimai əsaslarla fəaliyyət göstərən elmi-texniki şuranın yaradılması barədə Nazirliyə təkliflər verir.