Strateji plan

 

  

AZƏRBAYCAN RESPUBLIKASININ ALTERNATİV VƏ BƏRPA OLUNAN

ENERJİ MƏNBƏLƏRİ ÜZRƏ DÖVLƏT AGENTLİYİ

 

 

AZƏRBAYCAN RESPUBLİKASI ALTERNATİV VƏ BƏRPA OLUNAN ENERJİ MƏNBƏLƏRİ ÜZRƏ DÖVLƏT AGENTLİYİNİN

2016-2020-Cİ  İLLƏR ÜZRƏ

STRATEJİ PLANI 

 

Mündəricat

GİRİŞ

  1. MİSSİYA
  2. ƏSAS MƏQSƏDLƏR
  3. GƏLƏCƏYƏ BAXIŞ
  4. ƏSAS DƏYƏRLƏR
  5. ABOEM SAHƏSİNDƏ İNNOVASİYA SİYASƏTİ
  6. ÜSTÜNLÜKLƏR
  7. MEYİLLƏR

  

GİRİŞ

Enerji resurslarına olan tələbatın daim artması, ənənəvi enerji resurslarının məhdudluğu və bu hesaba enerji istehsalı prosesi ilə bağlı yaranan texnogen problemlər və qlobal iqlim rejiminə təsirlər dünyada dayanıqlı enerji təminatının əsas mənbələrindən biri hesab olunan alternativ və bərpa olunan enerji mənbələrindən (bundan sonra - ABOEM) istifadəni zəruri etmişdir. Ölkəmizdə ABOEM-in iqtisadiyyatın bütün sahələrinə tətbiqini təmin etmək məqsədilə Azərbaycan Respublikası Prezidentinin 21 oktyabr 2004-cü il tarixli 462 nömrəli Sərəncamı ilə “Azərbaycan Respublikasında alternativ və bərpa olunan enerji mənbələrindən istifadə olunması üzrə Dövlət Proqramı” qəbul edilmişdir.

ABOEM-dən istifadənin inkişafının sürətləndirilməsi və bütün ölkələrdə sistemli tətbiqi, regional və milli səviyyələrdə informasiya və təcrübə mübadiləsinin aparılması, investisiyaların təşviqi, texnologiya və innovasiyalar üzrə əməkdaşlıq siyasətinin formalaşdırılması məqsədi ilə 2009-cu ildə 146 ölkəni birləşdirən Beynəlxalq Bərpa Olunan Enerji Agentliyi (bundan sonra - İRENA) yaradılmış və 2014-cü ildən Azərbaycan Respublikası İRENA-nın tamhüquqlu üzvüdür.

Bir mənbədən enerji asılılığının azaldılması, enerji təhlükəsizliyi və enerji effektivliyi məsələlərinin həll edilməsi, həmçinin vahid enerji siyasətinin hazırlanması və ətraf mühitə vurulan ziyanın aşağı salınması məqsədi ilə 2009-cu ildə Aİ-yə üzv olan ölkələr tərəfindən “20-20-20” direktivi qəbul olunmuş və direktivin tələblərinə əsasən 2020-ci ilə qədər Aİ ölkələrində ABOEM-dən istifadə etməklə enerji istehlakının payının 20 faizə çatdırılması, enerji səmərəliliyinin 20 faiz artırılması və istixana qazlarının emissiyasının 1990-cı il səviyyəsinə nisbətən 20 faizədək azaldılması üzrə öhdəliklər müəyyən olunmuşdur.

30 noyabr – 11 dekabr 2015-ci il tarixində 150-dək ölkənin dövlət və hökumət başçılarının iştirakı ilə Paris şəhərində keçirilən BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının 21-ci Tərəflər Konfransı iqlim dəyişikliyinə təsir edən amillərin azaldılması istiqamətində atılan ən vacib addımlardan biridir və ABOEM-dən istifadə görüləcək tədbirlər arasında mühüm yer tutur. Sahənin inkişafını təmin etmək məqsədilə inkişaf etmiş dövlətlər tərəfindən ildə 100 mlrd. dollar toplanması üçün “Yaşıl Fond”un yaradılması və bu vəsait hesabına inkişaf etməkdə olan ölkələrdə enerjidən səmərəli istifadəyə imkan yaradan ABOEM üzrə layihələrin həyata keçirilməsi nəzərdə tutulur. 

Ölkəmizdə ABOEM-dən istifadə və onun iqtisadiyyat və sosial sahələrdə tətbiqi enerji istehsalının artırılması ilə yanaşı,  digər təbii ehtiyatlardan, o cümlədən torpaq, su və karbohidrogen ehtiyatlarından daha effektiv və səmərəli istifadəyə şərait yaradacaq, respublikanın karbohidrogen ixrac potensialını daha da genişləndirəcək və iqtisadiyyatın inkişafında ABOEM-dən istifadəni prioritet istiqamətlərindən birinə çevirəcəkdir.

Agentlik tərəfindən “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyasında nəzərdə tutulan hədəflərə çatmaq məqsədilə “Azərbaycan Respublikası Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyinin 2016-2020-ci illər üzrə Strateji Planı” tərtib edilmiş və icra müddətinə müvafiq həyata keçiriləcəkdir.

 1. MİSSİYA

Missiyamız Azərbaycan Respublikasında ABOEM sahəsinin inkişafını və infrastrukturunun yaradılmasını, iqtisadiyyatda və sosial sahələrdə alternativ və bərpa olunan energetikanın tətbiqi ilə bağlı tədbirlərin həyata keçirilməsini təmin edir.

2. ƏSAS MƏQSƏDLƏR

Əsas məqsədimiz ABOEM-in geniş tətbiqi hesabına elektrik və istilik enerjisinin istehsalına, enerjidən səmərəli istifadəyə, enerji təchizatının effektivliyinin artırılması və istehlakçıların dayanıqlı enerji təminatına nail olmaqdır. Bunun üçün ABOEM-dən istifadə sayəsində generasiya güclərinin paylanılmış strukturunun inkişafı, enerji mənbələrinin diversifikasiyası, istilik effekti yaradan qaz tullantılarının azaldılması, ABOEM-in iqtisadiyyat və sosial sahələrinə tətbiqi və enerji istehlakı balansında yeni yaradılacaq generasiya gücləri hesabına ABOEM-in istehlak payının artırılması ilə bağlı zəruri tədbirlər həyata keçiriləcəkdir.

3. GƏLƏCƏYƏ BAXIŞ

     Ölkənin enerji təhlükəsizliyində və ümumi elektrik enerjisi istehsalında alternativ və bərpa olunan enerji mənbələrinin rolunun artırılması;

     ABOEM-dən istifadə etməklə enerji istehsalı və istehlakının artırılması, bu hesaba digər enerji resurslarından səmərəli istifadə və enerji istehsalı prosesi zamanı yaranan texnogen təsirlərin ətraf mühitə vurduğu ziyanın səviyyəsinin (həcminin) azaldılması;

     ABOEM sahəsində müəssisələrin və yeni iş yerlərinin açılması;

     ABOEM sahəsində innovativ texnologiyalardan istifadənin geniş tətbiq edilməsi;

     Qeyri-neft sektorunun inkişafının dəstəklənməsi;

     Start up layihələrinin dəstəklənməsi.

4. ƏSAS DƏYƏRLƏR

Agentlik öz fəaliyyətinin həyata keçirilməsində aşağıdakı dəyərləri rəhbər tutur:

İnnovasiya ekoloji cəhətdən təmiz və enerjidən səmərəli istifadə texnologiyalarının işlənməsi və tətbiqi, bu texnologiyaların inkişafının təmin edilməsi;

Əməkdaşlıq yeni texnologiyaların tətbiqinə əsaslanan, ekoloji təmiz, müasir keyfiyyət tələblərinə cavab verən infrastrukturun yaradılması məqsədilə yerli və beynəlxalq mütəxəssis, ekspert, tədqiqatçı və mühəndislərin birgə fəaliyyətinin təşkili;

Təhlükəsizlik – beynəlxalq standartlara uyğun avadanlıq və qurğuların tətbiqi;

Peşəkarlıq yüksək bilik və bacarıqlara malik peşəkar işçi qüvvəsinin hazırlanması, bu qüvvələrin potensialından səmərəli istifadə olunması;

Qərəzsizlik işlərin və fəaliyyətlərin düzgün və vaxtında yerinə yetirilməsi;

Loyallıq sədaqət və etibarlılıq;

Səmərəlilik həyata keçirilən layihələrin və görülən işlərin maksimum səmərəliliyi effektivliyi.

5. ABOEM SAHƏSINDƏ İNNOVASİYA SİYASƏTİ

ABOEM-dən istifadə sahəsində innovasiya siyasətini formalaşdırmaq məqsədi ilə aşağıdakı tədbirlər həyata keçirilməsi nəzərdə tutulur:

- ABOEM sahəsində enerji potensialının öyrənilməsi və enerji istehsalının məlumat bazasının yaradılması, mütəmadi yenilənməsi və monitorinqin təşkili;

- “bir ev-bir elektrik stansiyası” layihəsi çərçivəsində binaların, müəssisələrin, fərdi yaşayış evlərin kiçik elektrik və istilik stansiyaları ilə təmin olunması; 

- “Samux Aqro Enerji Kompleksi”n və onun tərkib hissəsi hesab olunan HEİS-in (hibrid elektrik/istilik stansiyaları – iki və daha artıq ABOEM-in istifadəsi) Azərbaycan brendi kimi formalaşdırılması və bu brendi irəli çəkməklə digər ölkələrdə tətbiqinin təşkili;

- HEİS hesabına respublikamızın rayonlarının mikroşəbəkələr vasitəsi ilə balanslaşdırılmış enerji təminatının formalaşdırılması;

- ABOEM-dən istifadə etməklə yaşayış və sosial binaların, kənd təsərrüfatı obyektlərinin, sənaye komplekslərinin enerji tələbatının müasir informasiya kommunikasiya texnologiyalarının tətbiqi ilə “ağıllı” şəbəkə hesabına təminatı;

- sahənin inkişafının gedişinin təhlili və proqnozlaşdırılması istiqamətində tədqiqatların aparılması və yüksək ixtisaslı mütəxəssislərin hazırlanması.

6. ÜSTÜNLÜKLƏR

  • ölkədə alternativ və bərpa olunan enerji və ondan səmərəli istifadə olunması sahəsinin inkişafının təmin edilməsi və dövlət siyasətinin həyata keçirilməsi üzrə ixtisaslaşmış dövlət qurumun olması;
  • ABOEM-in müxtəlifliyi və geniş iqtisadi potensialın olması;
  • ABOEM hesabına istehsal edilən enerjinin qəbul edilməsində məhdudiyyətin olmaması;
  • idarəetmə texnologiyasının mövcudluğu;
  • həyata keçirilən uğurlu idarəetmə siyasəti nəticəsində Agentlikdə səmərəli işgüzar mühitin formalaşması;
  • Agentliyin əsasnaməsindən irəli gələn vəzifələrin icra edilməsi ilə bağlı aparılan daxili kadr siyasətində yüksək bilik və bacarığa malik olan gənc kadrların daha çox üstünlüyünün təşkil edilməsi;

7. İMKANLAR

- ABOEM-in təyini, onun potensialının ölkə üzrə hesablanması və enerji resursları üzrə dövlət kadastrının yaradılması;

- sahə üzrə normativ hüquqi bazanın yaradılması;

- sahə üzrə tarif siyasətinin, stimullaşdırıcı tədbirlərin hazırlanması;

- sahə üzrə yüksək texnologiyalara əsaslanan maddi texniki bazanın yaradılması;

- ABOEM hesabına yeni generasiya güclərinin yaradılması və onlardan səmərəli istifadə edilməsinin təşkili;

- sahə üzrə idarəetmə strukturlarının və dövlət orqanları ilə qarşılıqlı fəaliyyətin  təşkili;

- sahə üzrə ixtisaslaşdırılmış kadr potensialının yaradılması məqsədi ilə ali təhsil müəssisələrində və elmi tədqiqat mərkəzlərində tədris prosesinin təşkil olunması.

8. MEYLLƏR

2020-ci ili əhatə etməklə:

- ABOEM-in növləri üzrə təyini, potensiallarının müəyyənləşdirilməsi, kadastrların hazırlanması;  

- ABOEM hesabına yeni generasiya güclərinin qoyuluşu əsasında enerji istehlakı balansında ABOEM-in payının artırılması, enerjidən səmərəli istifadə olunması, ekoloji təsirlərin və istixana qazlarının emissiyasının səviyyəsinin azaldılması;

- ABOEM hesabına yaranan yeni generasiya güclərinin ötürücü şəbəkələrə qoşulmasını təmin etmək üçün infrastrukturun yaradılması;

- ABOEM sahəsində innovasiya siyasətinin formalaşması, o cümlədən energetika sahəsində yüksək texnologiyalar parklarının yaradılması;

- ABOEM-dən istifadə sahəsində fəaliyyəti tənzimləyəcək “Alternativ və bərpa olunan enerji mənbələrindən istifadə haqqında” Azərbaycan Respublikası Qanununun, digər qanunvericlilik aktlarının, o cümlədən iqtisadiyyat və sosial sahələrdə dövlət vəsaiti hesabına tikilən və ya əsaslı təmir olunan tikinti obyektlərinin layihələndirilməsində alternativ və bərpa olunan energetikanın tətbiqinə dair normativ hüquqi aktların hazırlanması, standartların və statistik uçotun yaradılması;

- ABOEM-dən istifadə sahəsində tariflər əsasında elektrik enerjisinin satınalma müqaviləsi siyasətinin formalaşdırılması;

- sahə üzrə fəaliyyətə vergi güzəştlərinin tətbiq olunması;

- sahənin inkişafını təmin etmək məqsədi ilə əlverişli kreditlərin və dövlət büdcəsindən investisiyaların cəlb olunması;

- ABOEM-dən istifadə sahəsinin sürətli inkişafını təmin etmək məqsədi ilə respublikaya gətirilən ABOEM-in bütün sahələri üzrə istifadə olunan avadanlıqların və onların ehtiyat hissələrinin gömrük rüsumlarının və əlavə dəyər vergisinin tənzimlənməsi;

- həyata keçirilən layihələrdə yerli istehsal olan avadanlıq və qurğulardan istifadə olunmasının və ölkədə ABOEM sahəsi üzrə avadanlıq və qurğuların yerli istehsalını təşkil edilməsi məqsədi ilə stimullaşdırıcı tədbirlərin  həyata keçirilməsi;

- ABOEM-dən istifadə sahəsinin səmərəli fəaliyyətini təşkil etmək məqsədi ilə idarəetmə strukturlarının yaradılması;

- ali təhsil müəssisələrində və elmi tədqiqat mərkəzlərində ABOEM-dən istifadənin əsaslarının tədrisi, tədqiqi, kadr potensialının gücləndirilməsi, ixtisaslaşmış mərkəzlərin yaradılması.