Azərbaycan Respublikasının Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyi və Bakı Ali Neft Məktəbi (BANM) arasında əməkdaşlıq haqqında razılaşma imzalanıb.

 Bakı Ali Neft Məktəbində bərpa olunan enerjiyə həsr olunmuş beynəlxalq seminar keçirilib.  Seminarda Dövlət Agentliyinin sədri Akim Bədəlov və digər rəhbər işçilərlə bərabər  Azərbaycanda  səfərdə olan ABŞ-ın Bərpa olunan Enerji Şurasının Tərəfdaşlarla əlaqələr üzrə vitse-prezidenti Tom  Weirich, ABŞ-ın Azərbaycandakı səfirliyinin iqtisadiyyat sektorunun nümayəndəsi Syed Zeenat, BANM-  in rəhbərliyi və professor-müəllim heyəti iştirak ediblər.

      Tədbirdə Dövlət Agentliyinin sədri Akim Bədəlov yaradılan əməkdaşlığın BANM-in kampusunda  Bərpa olunan enerji mühəndisliyi üzrə tədris və tədqiqat mərkəzi, "Bərpa olunan enerji mühəndisliyi"  ixtisası üzrə mühəndis kadrların hazırlanması layihəsinə və bu istiqamətdə digər işlərin həyata  keçirilməsinə geniş imkanlar yaradacağını bildirib.

Sonra Bakı Ali Neft Məktəbi və Azərbaycan Respublikasının Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyi arasında əməkdaşlıq haqqında razılaşma imzalanıb. Razılaşmaya əsasən, tərəflər arasında BANM-in tələbələri üçün Agentliyin tabeliyində olan obyektlərə tanışlıq səfərləri və  istehsalat təcrübələrinin təşkilinə şəraitin yaradılması, bərpa olunan və alternativ enerji mənbələrindən səmərəli istifadə edilməsi istiqamətində birgə elmi-tədqiqat işlərinin aparılması, Agentliyin mütəxəssisləri tərəfindən BANM-in tələbələrinə və əməkdaşlarına bərpa olunan və alternativ enerji ilə bağlı məruzələrin təqdim edilməsi, bərpa olunan və alternativ enerji məsələlərinə həsr olunmuş seminar və konfransların birgə təşkili və digər məsələlər haqqında razılıq əldə olunub.