Əməkdaşlarımızın hazırladığı layihə “I Sosial İnnovasiya Müsabiqəsi”ndə üçüncü yerə layiq görüldü

  Dövlət Agentliyinin əməkdaşları İctimai Siyasət İnstitutu tərəfindən dövlət qurumları, universitetlər, müxtəlif ölkələrin diplomatik nümayəndəlikləri və özəl şirkətlərin dəstəyi ilə təşkil olunmuş “I Sosial İnnovasiya Müsabiqəsi” adlı layihədə iştirak etmişlər.

      Müsabiqənin məqsədi hər bir sahədə innovasiyaların tətbiqi ilə böyük problemlərə kiçik, praktiki həll yanaşmaları gətirməklə ölkəmizin real inkişafı, vətəndaşlarımızın rifahının təmini prosesində təkcə dövlət qurumları və böyük şirkətlərin yox, hər bir vətəndaşın iştirakının stimullaşdırılması olmuşdur.

      “I Sosial İnnovasiya Müsabiqəsi”nə təqdim  olunmuş 300-dən çox layihə içərisindən əməkdaşlarımızın hazırladıqları üç layihə yarımfinal mərhələsinə keçən 33 layihənin arasında yer almış, Agentliyin Texniki tənzimləmə şöbəsi tərəfindən hazırlanmış “İstifadə edilmiş avtomobil şinlərinin və digər rezin məmulatlarının təkrar emalı ilə yüksək keyfiyyətli rezin qırıntılarının hazırlanması” adlı layihə isə final mərhələsinə keçərək üçüncü yerə layiq görülmüşdür.

      Layihənin məqsədi istifadə edilmiş avtomobil şinlərinin ekoloji təmiz şəraitdə, tullantısız emal prosesi ilə yeni xammalın istehsalına və bu xammalın sənayenin müxtəlif sahələrində yenidən istifadəsinə imkan yaratmaqdır.

      23 fevral 2016-cı il tarixində YARAT Müasir İncəsənət Məkanında baş tutan mükafatlandırma mərasimi zamanı  müsabiqənin final və yarımfinal mərhələsinə çıxan layihə müəlliflərinə qiymətli mükafatlar və xatirə hədiyyələri təqdim edilmişdir.