Dövlət agentliyində növbəti kollegiya iclası keçirildi

Azərbaycan Respublikasının Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyinin 2015-ci ilin yekunlarına dair növbəti kollegiya iclası keçirilib. Azərbaycan Respublikası Prezidentinin sədrliyi ilə baş tutmuş Nazirlər Kabinetinin 2015-ci ilin sosial-iqtisadi inkişafının yekunları və  Agentliyin 2016-2020-ci illər üçün Strateji fəaliyyət planı kollegiya iclasının əsas müzakirə istiqamətləri olub. Dövlət Agentliyinin sədri Akim Bədəlov qlobal iqtisadi böhran fonunda ölkəmizdə digər sahələrdə olduğu kimi ABOEM-in inkişafı sahəsində də qarşıya qoyulmuş məqsədlərə nail olunduğunu bildirib.

      Dövlət Agentliyinin sədr müavini Cəmil Məlikov 2015-ci ildə layihələrin icrası ilə bağlı məruzə edərək Samux Aqro-Enerji Kompleksinin tikintisinin birinci mərhələsinin tamamlanması, Pirallahı Günəş elektrik stansiyasının (GES) test rejimində işləməsi,  Sumqayıt GES-in mərkəzi şəbəkəyə qoşulması və digər stansiyaların tikintisi barədə hesabatla çıxış edib.

      Kollegiya üzvlərinin hesabatla  əlaqədar çıxışları dinlənildikdən sonra sədr sahənin inkişafı üzrə tədbirlər planına uyğun olaraq 2020-ci ilədək prioritet istiqamətlərin müəyyənləşdirilməsi, görüləcək işlərlə bağlı təkliflərin hazırlanması barədə aidiyyəti struktur bölmələrinin rəhbərlərinə müvafiq tapşırıqlar verib.