Çin şirkətləri Azərbaycanda bərpa olunan enerji sahəsində investisiya qoyuluşunda maraqlıdı

  Alternativ və bərpa olunan enerji mənbələri (ABOEM) sahəsində əməkdaşlıq əlaqələrinin qurulması məqsədilə dünyanın ən iri mühəndislik-layihələndirmə şirkətlərindən olan "POWERCHINA" korporasiyasının nümayəndə heyəti Azərbaycana səfər edib.

      Dövlət Agentliyinin sədri Akim Bədəlov nümayəndə heyəti ilə görüşərək dövlətlərimiz arasındakı sıx əməkdaşlığı, həmçinin Çin şirkətlərinin Azərbaycanda ABOEM-in inkişafı istiqamətində investisiya qoyuluşu üçün göstərdikləri təşəbbüsü yüksək qiymətləndirdiyini bildirib. Agentliyin qısa zaman ərzində həyata keçirdiyi layihələr və əldə olunmuş uğurlardan bəhs edilərək, ölkəmizin ABOEM-lə zənginliyini və sahənin inkişafı üçün güclü siyasi iradənin olduğu qonaqların diqqətinə çatdırılıb.

      Çinli nümayəndə heyəti investisiya qoyuluşu cəhətdən Azərbaycanın regionun ən cəlbedici ölkəsi olduğunu vurğulayaraq tezliklə ABOEM sahəsində birgə layihələrə başlamaq niyyətində olduqlarını bildirdilər.

      Səfər çərçivəsində Dövlət Agentliyi tərəfindən təsis edilmiş "Azalternativenerji" MMC və "POWERCHINA" arasında gələcək fəaliyyət planı üzrə işgüzar görüşlər baş tutub, o cümlədən qonaqlar “AZGÜNTEX” günəş panelləri zavodu, Qobustan Eksperimental Poliqonu, Pirallahı Günəş elektrik stansiyası  ilə tanış olublar.


      Qeyd edək ki, 2014-ci ildə “POWERCHINA” şirkətinin illik gəliri  42,4 milyard ABŞ dolları təşkil edib və işçilərinin sayı 200,000 nəfərdir. Şirkət 110 ölkədə 1,565 xarici layihələr həyata keçirilir.