Çinlə bioqaz sənayesinin təşviqi və idarə edilməsi üzrə təcrübə mübadiləsi aparılır

Dövlət Agentliyinin əməkdaşları Çin Xalq Respublikasının Ticarət Nazirliyinin təşkilatçılığı ilə Sıçuan əyalətinin Çendu şəhərində 13.10.2015 – 02.11.2015-ci il tarixlərində təşkil olunmuş “2015-ci il Asiya Ölkələri üçün Bioqaz Sənayesinin Təşviqi və İdarə Edilməsi” adlı seminarda iştirak edib.

      Təşkil olunan seminarda Azərbaycanla yanaşı, Özbəkistan, Filippin, Şri Lanka və Fələstin kimi bir sıra Asiya ölkələrinin nümayəndələri də iştirak edib.

      Seminarın əsas mövzusunu bioqaz texnologiyasının inkişafı və onun əsas məqsədi, yaranma tarixi, bioqaz qurğularının növləri, bu qurğulara olan əsas texniki tələblər və onların texniki tənzimlənməsi, təhlükəsizliyinin idarə edilməsi,bioqaz texnologiyalarının standartı və keyfiyyətinə nəzarət, bioqaz standartlar sistemi, bu texnologiyalar ilə əlaqədar sənayenin inkişafı, bioqaz lampaları, su qızdırıcısı, sobaları, bioqazın tərkibi, həcminin və sıxlığının hesablanması qaydası, istilik tutumu,məhsuldarlığının, eləcə də anaerob qıcqırtma qurğuları və onların həcminin hesablanması metodologiyası və s. əhatə edib.

      Seminar müddətində Agentliyin əməkdaşları Çinin Yonqan şəhərinin “Bioqaz İdarəetmə Kooperasiya Assosiasiyasına”, Deyanq şəhərinin “Haoyun Composite Material Co.Ltd” zavoduna, Yunnan əyalətinin Kunmin şəhərində yerləşən “Yunnan Kənd Enerji Ofisi”nə və bioqaz stansiyasına təşkil olunmuş təlim səfərlərində iştirak edib.

      Sonda əməkdaşlarımıza Çin Xalq Respublikasının Ticarət Nazirliyi tərəfindən sertifikatlar təqdim edilib.