ABOEM sahəsində yazan ən yaxşı yazılar müəyyən olundu

  17 noyabr 2015 tarixində, Azərbaycan Respublikasının Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyi (ABOEMDA) və Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu tərəfindən –  “Azərbaycanın alternativ və bərpa olunan enerji mənbələri: mövcud vəziyyət, əsas prioritetlər və perspektiv imkanlar„ mövzusunda elan olunan yazı müsabiqəsi qaliblərinin təltif olunma mərasimi təşkil olunub.

      Tədbir iştirakçılarını salamlayan Dövlət Agentliyinin sədri Akim Bədəlov Agentliyin fəaliyyəti, reallaşmaqda olan layihələri, həmçinin  ölkəmizdə ABOEM-dən istifadənin iqtisadiyyatımıza göstərdiyi müsbət təsirindən bəhs etdi.

      Daha sonra,  KİV DF-nun icraçı direktoru Vüqar Səfərli,  jurnalistlər arasında yazı müsabiqələrinin keçirilməsinin zərurəti haqda söz açdı və bərpa olunan enerji mənbələrindən geniş və səmərəli istifadə edilməsi ölkənin enerji təhlükəsizliyinin təmin olunması baxımından müstəsna əhəmiyyət daşıdığı kimi, KİV nümayəndələrinin də, görülən işlər, perspektiv layihələr haqda məlumatlı olmasının bir o qədər önəmli olduğunu vurğuladı.

      Qeyd edək ki, Azərbaycanda ABOEM-dən istifadənin qlobal təhlükəsizliyə verdiyi töhfənin, ətraf mühitin qorunmasına müsbət təsirinin, iqtisadi baxımdan səmərəliliyinin ictimaiyyətin diqqətinə çatdırılması, bu sahədə mövcud vəziyyətin araşdırılması, əsas prioritetlərin nəzərdən keçirilməsi və perspektiv imkanların təhlil edilməsi məqsədilə təşkil olunan müsabiqədə, ən azı bir il müddətində kütləvi informasiya vasitələrində (qəzet, jurnal, informasiya agentlikləri) çalışan şəxslər iştirak edib.

      Qaliblər, ABOEMDA-nın və KİV DF-nin xüsusi diplomu ilə təltif olunmuş və müsabiqədə ilk üç yerin qalibinə əsas, on yazı müəllifinə isə həvəsləndirici mükafat verilmişdir.