ABŞ ABOEM sahəsində Azərbaycanla əməkdaşlıqda maraqlıdır

Azərbaycan Respublikasının Alternativ və Bərpa Olunan Enerji Mənbələri (ABOEM) üzrə Dövlət Agentliyində  Amerika Birləşmiş Ştatlarının Azərbaycandakı səfirliyinin nümayəndə heyəti ilə işgüzar görüş keçirilib. Məqsəd – iki ölkə arasında  ABOEM üzrə əməkdaşlıq əlaqələrinin genişləndirilməsidir. 

      Görüşdə səfir müavini Derek Hoqan ABŞ –ın Azərbaycanda bu sahənin inkişafına və birgə layihələrin hazırlanmasına yüksək maraq göstərdiyini bildirib. Dövlət Agentliyinin sədri Akim Bədəlov ölkəmizin ABOEM sahəsindəki inkişaf tarixi, Agentlik tərəfindən görülən işlər – Qobustan Eksperimental Poliqonu və Tədris Mərkəzi, günəş və külək elektrik stansiyaları,  “Azgüntex” günəş panelləri zavodu, Samux Aqroenergetik Kompleksi, “Bir ev- Bir elektrik stansiyası” layihəsi,  o cümlədən perspektiv layihələr barədə qonaqları məlumatlandırıb. 

      Görüşün nəticəsi olaraq, iki ölkənin aidiyyəti qurumları arasında gələcək əməkdaşlığa dair razılıq əldə olunub.