“ABOEM əsasında aqroenerji komplekslərinin inkişaf perspektivləri” mövzusunda Beynəlxalq Konfrans keçirilmişdir

 Azərbaycan Respublikası Prezidentinin 12.03.2014-cü il tarixli 331 nömrəli sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında 2014-cü ilin “Sənaye ili” elan edilməsi ilə bağlı Tədbirlər Planı”nına müvafiq olaraq Azərabycan Respublikası Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyinin (ABOEMDA) təşkilatçılığı ilə 27 dekabr 2014-cü il tarixində “ABOEM əsasında aqroenerji komplekslərinin inkişaf perspektivləri" mövzusunda Beynəlxalq Konfrans keçirilmişdir. Xarici və yerli mütəxəssislərin iştirak etdiyi sözügedən tədbir ABOEMDA-nin Qobustan şəhərində yerləşən Qobustan Eksperimental Poliqonunun Tədris Mərkəzində baş tutmuşdur.

         Konfransda açılış nitqi ilə çıxış edən Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyinin sədrinin müşaviri Cəmil Məlikov tədbir iştirakçılarını salamlayaraq ABOEM sahəsində respublikamızda həyata keçirilən layihələr, tədbirlər barəsində məlumat vermişdir. O, həmçinin "ABOEM-dən istifadənin perspektivləri" mövzusu üzrə təqdimatla çıxış etmişdir.

         Tədbirdə Qobustan Rayon İcra Hakimiyyətinin başçısı Adil Məmmədov da çıxış edərək konfrans iştirakçılarını salamlamış və belə bir tədbirin Qobustan rayonunda keçirilməsini rayon üçün mühüm bir hadisə olduğunu vurğulamışdır. O, həmçinin qeyd etmişdir ki, Qobustanda yerləşən Eksperimental Poliqonun hesabına ABOEM-in iqtisadiyyatın hər bir sahələrinə tədbiq olunması ilk növbədə Qobustanda həyata keçirilir və bu təcrübələri ölkənin digər regionlarındada genişləndirmək dövlətimizin prioritet istiqamətlərindən biridir.

           Bundan sonra tədbirdə iştirak edən mütəxəssislər tərəfindən "Samux Aqro-Enerji Yaşayış Kompleksi", "ABOEM-nin inkişafı üzrə investisiyaların cəlb edilməsi" və s. mövzular üzrə çıxışlar olmuşdur.

         Sonda tədbir iştirakçıları üçün ABOEMDA-nin Qobustan Hibrid Tipli Stansiyasının Eksperimental Poluqonu ilə əyani tanışlıq təşkil olunmuş və qonaqları maraqlandıran suallar ətrafında diskussiyalar aparılmışdır.