Azərbaycan Prezidenti İlham Əliyev Afinada ABOEM-dən danışmışdır

Azərbaycan Prezidenti İlham Əliyevin və Yunanıstanın Baş naziri Antonis Samarasın iyunun 16-da Afinada yüksək səviyyəli iş adamları ilə görüşündə dövlətimizin başçısı alternativ enerji mənbələri sahəsində ölkəmizdə həyata keçirilən işlərlə və bu sahədə əməkdaşlıqla bağlı suala cavab verərək demişdir:

– Günəş enerji batareyaları üzrə artıq bizdə pilot layihə vardır. Bu batareyaları istehsal edən zavodumuz da vardır. Azərbaycan günəşli və küləkli ölkədir. Düşünürəm ki, biz bu təbii iqlim imkanlarından maksimum şəkildə istifadə etməliyik. Həmçinin biz bu gün müxtəlif gücdə – 20-25 meqavatdan 1-5 meqavatadək su elektrik stansiyalarına böyük sərmayə yatırırıq. Bu sahədə də iş aparmaq üçün geniş imkanlar vardır. Siz tamamilə duz buyurursunuz. Bərpa olunan enerjini biz nə qədər çox istehsal etsək, ixrac üçün bizim daha çox qazımız olar və atmosfer də daha təmiz olar.

       Bizim Naxçıvan Muxtar Respublikasında böyük bir layihəmiz vardır. Bu gün orada 100 faiz yerli enerji istehlakı su enerjisi hesabına təmin edilir. Bu plan yerinə yetiriləcəkdir və Energetika Nazirliyi bu məsələni öz nəzarətinə götürür. Ümid edirəm ki, sizin üzərində işlədiyiniz layihənin yaxşı gələcəyi olacaqdır. Onu da deyim ki, bizim bərpa olunan enerji mənbələri üzrə Dövlət Proqramımız vardır. Bu məsələ ilə əlaqədar biz sizinlə böyük məmnuniyyətlə işləməyə hazırıq.