Agentliyimizin pavilyonu seyrçilərdə xüsusi maraq yaratmışdır

İyunun 3-də Bakı Ekspo Mərkəzində Xəzəryanı regionun enerji sektorunun ən iri tədbiri – 21-ci Beynəlxalq Xəzər neft və qaz (“Caspian Oil & Gas-2014”), həmçinin 4-cü Xəzər Beynəlxalq energetika və alternativ enerji (“Caspian Power-2014”) sərgiləri açılmışdır.

Sərginin təşkilatçıları qismində “ITE Group” və onun tərəfdaşı – “Iteca Caspian” şirkətləri çıxış edirlər. Bu il sərgidə dünyanın 29 ölkəsindən 402 şirkət iştirak edir. Sərgi iştirakçılarının ümumi sayının 35 faizini yerli şirkətlər təşkil edir. Ümumiyyətlə isə sərginin ekspozisiya sahəsi ötən illə müqayisədə 10 faiz genişlənmişdir.

“Caspian Power” sərgisi də “ITE Group Plc” şirkətinin energetika üzrə aparıcı sərgilər silsiləsinə daxildir və sənaye sərgiləri arasında özünü brend kimi sübut etmişdir. Sərgiyə Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyi tərəfindən rəsmi dəstək göstərilir. Agentlik, “Azalternativenerji” MMC və “Azgüntex” MMC Bakı Ekspo Mərkəzinin üç pavilyonunda öz nailiyyətlərini nümayiş etdirir. Bu pavilyonlar öz zənginliyi, dizaynının mükəmməlliyi ilə seçilir. Müasir innovasiyalı texnologiyalar seyrçilərdə maraq oyadır.

Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyinin sədri Akim Bədəlov sərgiyə baxmış, jurnalistlərin suallarını cavablandırmışdır.

Sərgi öz işini iyunun 6-da yekunlaşdıracaqdır.