Bakı məktəblərində ABOEM-dən istifadə haqqında maarifləndirici seminarlar keçirilib.

     25-26 dekabr 2019-cu il tarixlərində Energetika Nazirliyinin və  Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyinin (ABEMDA) nümayyəndələri tərəfindən Dövlət proqramı çərçivəsində Bakı şəhərində fəaliyyət göstərən 235, 8 və 160 saylı tam orta məktəblərində 8-10-cu sinif şagirdləri üçün alternativ və bərpa olunan enerji mənbələrindən istifadənin inkişafı istiqamətində “Qoy Həmişə Günəş Olsun” adlı layihə çərçivəsində seminarlar keçirib. Qeyd edək ki, layihənin məqsədi Azərbaycan Respublikasının Prezidentinin 6 dekabr 2016-cı il tarixli 1138 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında kommunal xidmətlərin (elektrik və istilik enerjisi, su və qaz) inkişafına dair Strateji Yol Xəritəsi” nin Tədbirlər Planına əsasən ABEMDA tərəfindən təhsil müəssisələrində gənclər arasında təbliğat-təşfiqat işləri aparmaqla onlarda ABOEM-dən istifadəyə maraq yaratmaq və bu sahənin inkişafına təkan verməkdir. Eyni zamanda gənclərin asudə vaxtlarının səmərəli təşkili və məktəbdənkənar fəaliyyətlərinin dəstəklənməsidir.

    İlk öncə müəllim və şagird kollektivinə layihənin məqsədi və layihə çərçivəsində keçiriləcək təlimlər barədə məlumat verilib. Daha sonra təqdimetmələrlə 6-10-cu sinif şagirdlərinə tükənməyən enerji növləri, alternativ enerjinin əhəmiyyəti, ölkəmizin bu sahədə potensialı və Dövlət Agentliyinin yenilənə bilən enerji sektorunun inkişafı məqsədilə gördüyü işlər, həyata keçirdiyi layihələr haqqında nəzəri və praktik biliklər öyrədildi. Aktiv iştirakçılıqla keçən seminarlarda  şagirdləri maraqlandıran suallar cavablandırıldı.