Cənubi Qafqazın ilk Hibrid Elektrik Stansiyasından reportaj

Külək, Günəş və bioqaz stansiyalarını birləşdirən dünyanın ilk hibrid tipli elektrik stansiyası Qobustandadır.

    38 hektar ərazidə inşa olunan Qobustan Eksperimental Poliqonu və Tədris Mərkəzi külək, Günəş və bioqaz stansiyaları ilə təchiz edilib. Bu mərkəz Prezident İlham Əliyevin iştirakı ilə 2011-ci ildə açılıb. Buradakı stansiyada külək, Günəş və bioqaz qurğusundan əldə olunan elektrik enerjisi istehsal edilir.

    Stansiya hazırda 4,4 meqavat güclə fəaliyyət göstərir. Hibrid stansiyada 2,7 meqavat külək, 1,0 meqavat Günəş və 0,7 meqavat bioqaz komponentləri hesabına elektrik enerjisi istehsal olunur.

    Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyinin tabeliyindəki “Azalternativenerji” MMC-nin sədr müavini Hüseyn Məmmədovun sözlərinə görə, stansiya istismara verildiyi tarixdən – 2011-ci ilin sentyabrından bu günə kimi burada 25,7 milyon kilovatt saat elektrik enerjisi istehsal edilib. Elektrik enerjisinin 72 faizi külək stansiyasının payına düşüb.

    İstehsal olunan elektrik enerjisi hesabına 6,4 milyon kubmetr təbii qaza qənaət edilib və buna görə atmosferə atılan karbon qazının miqdarının 11,4 min ton azaldılmasına nail olunub. Qeyd olunan bu göstəricilər bərpaolunan enerjidən istifadənin səmərəliliyini bir daha təsdiqləyir. Təsadüfi deyil ki, hazırda dünya üzrə 10–dan artıq ölkədə enerji sərfində bərpaolunan enerjidən istifadə 50 faizi keçib.

    Qobustandakı hibid elektrik stansiyasında “Azalternativenerji” MMC-nin balansında olan bütün stansiyalardan daxil olan enerji istehsalı ilə bağlı məlumatların idarə edilməsi məqsədilə İdarəetmə Mərkəzi fəaliyyət göstərir.

Elektrik stansiyasında, həmçinin şagirdlərə, tələbələrə və mütəxəssislərə praktiki təcrübələrin keçirilməsi üçün Təlim, Tədris Mərkəzi yaradılıb. Təlim mərkəzində yerli mütəxəssislərlə yanaşı ABŞ, Rusiya, Cənubi Koreya, Almaniya, Yaponiya, Hollandiya və digər xarici ölkələrdən olan mütəxəssislər tərəfindən təlimlər keçirilib. Təlim zamanı iştirakçılar Günəş, külək və bioqaz qurğularının yeni avadanlıqları ilə yerində tanış ola bilirlər.

    Qeyd edək ki, stansiya ərazisində müxtəlif avadanlıq və qurğulardan təşkil olunmuş laboratoriya və sərgi də fəaliyyət göstərir.

    Stansiya ərazisində quraşdırılan Günəş panellərinin 95 faizi Sumqayıt şəhərində fəaliyyət göstərən “Azgüntex” Günəş modulları istehsalı zavodunun məhsullarıdır.