Səfirliklər və Diplomatik nümayəndələr “Samux Aqroenerji Yaşayış Kompleksi” ilə tanış olublar

2 aprel 2019-cu il tarixində Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin təşkilatçılığı  ilə Azərbaycanda regionların inkişafı ilə tanış olmaq və bu xüsusda ölkənin bölgələrində həyata keçirilən sosial, iqtisadi layihələr, habelə turizmin inkişafı ilə yerində məlumatlanmaq məqsədi ilə Azərbaycan Respublikasında fəaliyyət göstərən diplomatik nümayəndəliklərinin  60-dan çox səfir və nümayəndəsinin Gəncə şəhərinə, Samux və Göygöl rayonlarına tanışlıq səfəri baş tutub.

Səfər çərçivəsində qonaqlar alternativ və bərpa olunan enerji mənbələri hesabına fəaliyyət göstərən “Samux Aqroenerji Yaşayış Kompleksi” ilə tanış olublar. Samux rayonu, Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyinin rəhbərliyinin iştirakı ilə baş tutan görüşdə hibrid tipli enerji istehsalı stansiyasından və bu hesaba enerji təminatlı kənd təsərrüfatı məhsullarının tədarükü, emalı, satışı sahələrindən və yaşayış kompleksindən ibarət “Samux Aqroenerji Yaşayış Kompleksi”ndə tətbiq olunan yüksək texnologiyalar və müasir idarəetmə sistemləri barədə ətraflı məlumat verilib.