BMT rəsmiləri Azərbaycanın günəş paneli istehsal gücü ilə maraqlanırlar

12  sentyabr  2018-ci il tarixində BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi və BMT-nin İnkişaf Proqramının Azərbaycandakı Daimi Nümayəndəsi Cənab Qulam İsakzayi  “Azgüntex MMC” Günəş Modulları Zavovuna baş çəkib. Səfər çərçivəsində BMT nümayəndəsi Azərbaycan istehsalı olan günəş panellərinin istehsal şəraiti ilə tanış olub.

Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyinin sədr müavini cənab Nurəli Yusifbəyli, “Azalternativenerji” MMC-nin İdarə Heyətinin sədri Aqşin Bəkirzadə və “Azgüntex” zavodunun direktoru Nizami Əsgərov Azərbaycanın enerji istehsalının şaxələndirilməsinin zəruriliyindən danışıb.  Günəş enerjisindən enerji istehsalı sahəsində ölkənin geniş potensialı nəzərdən keçirilərək, alternativ enerji mənbələrindən enerji istehsalının gələcək perspektivləri müzakirə olunmuşdur.

Cənab Qulam İsakzayiyə, zavodun Avropa ölkələrinin aparıcı şirkətlərinin ən müasir texnologiyaları əsasında tikilməsi və ildə 60 mVt gücündə günəş panelləri istehsal etmək potensialına malik olması barədə məlumat verilib.

BMT-nin rezident əlaqələndiricisi və BMTİP-nin Azərbaycandakı Daimi Nümayəndəsi cənab İsakzayi enerji resurslarının səmərəli və effektiv istifadəsinin vacibliyini vurğulayaraq, bunun bütövlükdə davamlı inkişafın əsas prinsipi olduğunu və beynəlxalq təcrübənin Azərbaycanda enerji istehsalı və enerji səmərəliliyinin diversifikasiyasını inkişaf etdirmək üçün vacib olduğunu vurğuladı.

Yaşıl enerji mənbələrini təbliğ etmək üçün ən yaxşı beynəlxalq təcrübələrdən bəhs edən cənab İsakzayi, hökumətin günəş enerjisinə keçmək niyyətində olduğu və ölkənin Paris İqlim Dəyişikliyi Sazişi çərçivəsində öhdəliyini təmin etdiyi Mərakeş təcrübəsi haqqında fikir bildirib.

Öz növbəsində Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyinin nümayəndəsi cənab İsakzayiyə Azərbaycanın ümumi enerji istehsalında bərpa olunan enerji payının 20% -ə çatdırmağı planlaşdırdıqlarını bildirdi.