Azərbaycan Alternativ və Bərpa Olunan Enerji üzrə unikal layihələrə imza atır

Uluslararası Nakliyəçilər Birliyi (UND) rəhbərliyinin dəvəti ilə Türkiyədə səfərdə olan Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyinin mətbuat katibi Ülkər Musazadə ilə iki tərəfli görüş keçirilib. Görüş əsnasında Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Azərbaycanda gerçəkləşdirilən unikal layihələr müzakirə mövzusu olub. 

Alternativ və Bərpa Olunan Enerji Mənbələri sahəsinə ölkə prezidenti cənab İlham Əliyev tərəfindən göstərilən böyük diqqət sahəsində reallaşdırılan layihələrin ölkə iqtisadiyyatına verdiyi tövhələr haqqında geniş bilgi verən Ülkər Musazadə, daha sonra Dövlət Agentliyinin fəaliyyət istiqamətləri və realizə olunan unikal layihələrlə bağlı xüsusi tanıtım prinsiplərinə xidmət edən qısa filmi birliyin iştirakçılarının diqqətinə çatdırmağa müvəffəq olub. 

Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyi tərəfindən enerji resurslarının potensialı və bu hesaba Azərbaycan Respublikasında kommunal xidmətlərin (elektrik, istilik enerjisi, su və qaz) inkişafına dair Strateji Yol Xəritəsində müəyyən olunduğu kimi ənənəvi istehsalın mərhələli şəkildə bərpaolunan və yeni təkrar emal növlərinə çevrilməsi, enerji asılılığının aradan qaldırılması və ekoloji mühitin qorunması kimi bir sıra önəmli hədəflərə nail olunması üçün həyata keçirilən layihələr haqqında bilgi verilib. 

Azərbaycanda həyata keçirilən üçpilləli Enerji İnkişafı Modelinin tərkib hissələri olan 1 ev-1 elektrostansiya” prinsipi çərçivəsində ABOEM texnologiyaları tətbiq etməklə yaşayış və qeyri-yaşayış binalarının enerji təminatı, günəş, külək, geotermal və bioenerji hesabına hibrid tipli stansiyaları prinsipi çərçivəsində şəhər və rayonlarda yerli enerji mənbələri hesabına enerji təminatının formalaşdırılması və ölkə miqyasında sənaye tipli elektrik stansiyalarının və onların idarəetmə mexanizmlərinin strukturu xəritə üzərində sərgi iştirakçılarının nəzərinə çatdırılıb.

Samux Aqroenerji Yaşayış Kompleksinin 50 mindən çox əhalisi olan bölgənin hibrid stansiyalarda istehsal olunan enerji ilə müstəqil rejimdə enerji təchizatını təmin edən ilk eksperimental poliqon olması və bu təcrübənin digər rayonlarda və xarici ölkələrdə tətbiqinin xüsusən enerji infrastrukturu olmayan bölgələrin enerji təminatı üçün geniş şərait yarada bilməsi potensialı hər kəs tərəfindən maraqla qarşılanıb. 

Uluslarası Nakliyəçilər Birliyinin İcraçı direktoru cənab Rəcai Şən Azərbaycanla enerji baxımından daha sıx əməkdaşlıq prinsiplərinə dayanan iş birliyinə nail olmaq istəklərini vurğulayıb. Onların sözlərinə görə, bu gün Azərbaycanın Çin və digər ölkələrlə daha sıx iqtisadi əməkdaşlıq əlaqələri mövcuddur: “Bu da, bir tərəfdən Türkiyə və Azərbaycan arasında iqtisadi baxımdan daha sıx əməkdaşlığın mövcud olmasını gərəkdirən başlıca prinsipdir. AZGÜNTEX MMC-nin istehsal etdiyi günəş panelləri Türkiyə bazarına da çıxmalıdır. Çalışmalar bu yöndə aparılmalıdır. Yaxın günlərdə Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyinin rəhbərliyi ilə də, bu yöndə görüşmək daha məqsədə uyğun olardı”.

Qeyd edək ki, keçirilən görüşün əhəmiyyəti ilə bağlı Türkiyə mətbuatında da, geniş informasiya yer alıb.