İsrail səfiri Samux Aqroenerji Kompleksində olub

11 iyul 2018-ci il tarixində İsrail Dövlətinin Azərbaycan Respublikasında Fövqəladə və Səlahiyyətli Səfiri Cənab Dan Stav Samuxa səfər edib. Səfər çərçivəsində səfir alternativ və bərpa olunan enerji mənbələri hesabına fəaliyyət göstərən “Samux Aqroenerji Yaşayış Kompleksi” ilə tanış olub, eyni zamanda sahəyə investisiya qoyuluşu üçün imkanların araşdırılması dəyərləndirilib.  

Samux rayon İcra Hakimiyyətinin başçısı, cənab Alı Qocayevin, eləcə də Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyinin sədr müavini Cəmil Məlikovun da iştirakı ilə baş tutan görüşdə İsrail səfirinə hibrid tipli enerji istehsalı stansiyasından və bu hesaba enerji təminatlı kənd təsərrüfatı məhsullarının tədarükü, emalı, satışı sahələrindən və yaşayış kompleksindən ibarət “Samux Aqroenerji Yaşayış Kompleksi”ndə tətbiq olunan yüksək texnologiyalar və müasir idarəetmə sistemləri barədə ətraflı məlumat verilib.

Bununla yanaşı Dövlət Agentliyi tərəfindən ölkəmizdə tətbiq edilən 3 pilləli “Enerji İnkişafı Modeli” çərçivəsində həyata keçirilən bu unikal layihənin başlıca məqsədinin Aqroenerji Kompleks hesabına Samux rayonunun, eləcə də, respublikamızın enerjiyə və kənd təsərrüfatı məhsullarına olan tələbatının ödənilməsində iştirak və ixrac potensialının artırılması olduğu vurğulanıb.

İcra başçısı Kompleksdə yetişdirilən kənd təsərrüfatı məhsullarının xaricə ixrac edildiyini diqqətə çatdıraraq, Samuxa investisiyaların yatırılmasının müsbət nəticə verə biləcəyindən və turizm sahəsi üzrə də iş qurmaq imkanlarının mövcudluğundan söz açıb.

 “Samux Aqroenerji Yaşayış Kompleksi” ilə yaxından tanış olan İsrail səfiri Kompleksin 50 mindən çox əhalisi olan bölgənin hibrid stansiyalarda istehsal olunan enerji ilə müstəqil rejimdə enerji təchizatını qismən təmin edən ilk eksperimental poliqon olması, bu təcrübənin digər rayonlarda və xarici ölkələrdə tətbiqinin xüsusən enerji infrastrukturu olmayan bölgələrin enerji təminatı üçün geniş şərait yarada bilməsi potensialını maraqla qarşılayıb. Səfirin  sözlərinə görə, ölkədə enerji təminatlı kənd təsərrüfatı sahəsinin inkişafının birmənalı olaraq, iqtisadi modernizasiya prosesi ilə vəhdət təşkil etməsi  investisiyaların cəlb edilməsi üçün olduqca perspektivli hesab ediləndir. Səfir  mövcud şəraitin özəl sektor, xüsusilə də, xarici investorlar tərəfindən dəyərləndiriləcəyinə ümid etdiyini diqqətə çatdıraraq, İsrail investorlarının yerli sahibkarlarla əlaqələrinin qurulması və gücləndirməsi istiqamətində öz  tövhəsini verə biləcəyini qeyd edib.

Daha sonra  “Samux Aqroenerji və Yaşayış Kompleksi”ndə açılışı nəzərdə tutulan ət və süd məhsullarının emalı müəssisəsi layihəsi üzrə investorların cəlb olunması istqamətində fikir mübadiləsi aparılıb.

Qeyd edək ki, son illər alternativ və bərpa olunan enerji mənbələrinin iqtisadiyyatın bütün sahələrinə tətbiqi və ətraf mühitin mühafizəsi məqsədilə Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyi tərəfindən respublikamızın müxtəlif regionlarında həyata keçirilən layihələr İsrail iş adamları və sahibkarları tərəfindən böyük marağa səbəb olub. Məhz bu səbəbdəndir ki, son bir neçə ay ərzində İsrail səfiri Cənab Dan Stav Qobustan Eksperimental  Poliqonu və Tədris Mərkəzində, “Pirallahı” Günəş elektrik stansiyasında, “Azgüntex” MMC-günəş panelləri istehsalı zavodunda da olaraq, müəssisələrin fəaliyyət prinsipləri ilə yaxından tanış olub.