Ulu Öndərin 95 illik yubileyi Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyində qeyd edildi

 

Ötən gün Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyində Ümummilli lider Heydər Əliyevin anadan olmasının 95-ci ildönümü ilə əlaqədar tədbir keçirilib. Tədbirdə DA-nın məsul şəxsləri ilə birgə Bakı Dövlət Universitetinin Tarix elmləri doktoru, professor Anar İsgəndərov, media nümayəndələri və digər qonaqlar iştirak ediblər.

ABOEM DA-nın sədri cənab Akim Bədəlov tədbiri giriş sözü ilə açaraq, Azərbaycan xalqının tarixinə qızıl səhifələr yazmış Ümummilli lider Heydər Əliyevin müstəqillik illərində ölkəyə yenidən rəhbərlik etməsinin xalqımız üçün böyük uğur və xoşbəxtlik gətirdiyini qeyd edib. Əldə etdiyi bütün nailiyyətlərə görə Heydər Əliyevə borclu olduğunu dilə gətirən cənab sədrin sözlərinə görə, ulu öndərin Azərbaycan dövlətçiliyinin xilası naminə gördüyü işlərin miqyasını zaman keçdikcə daha dərindən dərk edir, Azərbaycanın müstəqillik və azadlığının nə qədər möhkəm bir bünövrə üzərində formalaşdığını, bu bünövrənin məhz Heydər Əliyev ideyaları əsasında qurulduğunu bir daha aydın görürük. Ulu öndər dövlət müstəqilliyinin əsasını iqtisadi vəziyyətin kökündən yaxşılaşdırılmasında, respublikanın ən zəruri ərzaq və sənaye malları ilə özünü təmin etməsində, enerji təhlükəsizliyində, xarici siyasətdə yalnız Azərbaycanın mənafeyinə uyğun addımlar atılmasında görürdü. Bu gün cənab İlham Əliyevin rəhbərliyi altında ölkəmizin genişmiqyaslı inkişafı, sürətli tərəqqisi, həyata keçirilən qlobal layihələr Azərbaycanın hərtərəfli yeniləşməsi, doğma vətənimizi dünyaya yeni formada təqdim etməyə imkan yaradan müsbət dəyişikliklər məhz ulu öndərin müəyyənləşdirdiyi yolun layiqincə davamıdır. Möhtərəm Prezidentimizin hər sahədə olduğu kimi alternativ və bərpa olunan enerji mənbələrindən istifadənin inkişafına göstərdiyi diqqət və qayğının nəticəsi olaraq respublikamızda bu sahədə tərəqqimiz ildən-ilə daha da sürətlənir. Əminliklə deyə bilərəm ki, enerji strategiyamız uğurla həyata keçirilir. 

Tədbir çərçivəsində çıxış edən, BDU professoru Anar İsgəndərov Ulu Öndər Heydər Əliyevlə bağlı xatirələrindən söhbət açdı. Professor Heydər Əliyevin dövlətçilik səriştəsi və bacarığı ilə bütün sədləri yararaq, qarşıya çıxan bütün çətinliklərə baxmayaraq, Azərbaycanı olduqca mürəkkəb zamanın dalğaları arasından salamat çıxardığını, ona həm bölgədə, həm də dünyada layiqli yer qazandırdığını vurğulayıb. Professorun sözlərinə görə, o bir həftə öncə Türkiyədə baş tutan konfransdan yenicə qayıdıb. Ayrı-ayrı ölkələrdən konfransa qatılan nümayəndələr, o cümlədən Heydər Əliyev haqda yazılan kitabların müəllifləri də, orada idi. Hər biri məndən onlara Heydər Əliyev haqda danışmamı istəyirdi. Bu çox qürurverici məqam idi. Professor eyni zamanda Heydər Əliyevin sovet dönəmindəki fəaiyyətindən bəhs edərək, ulu öndərin mücadiləsini sovet dönəmində ilk türk idarəçi kimi yaddaşlara həkk olunmasından danışıb. 

Daha sonra ABOEM DA-nın sədr müavini Nurəli Yusifbəyli çıxış edərək, Heydər Əliyevin dövlət müstəqilliyimizi əbədi və dönməz etməsindən, ölkəmizə sabitlik, sülh və əmin-amanlıq, siyasi islahatlar, demokratikləşmə, iqtisadi yüksəliş, sosial inkişafın gətirməsindən bəhs etdi. Atəşkəsə nail oldu, iqtisadiyyatı dirçəltdi, Azərbaycanı tənəzzül etmiş dövlətdən inkişaf edən ölkəyə çevirdi. Respublikamızın beynəlxalq əlaqələrini möhkəmləndirərək, gələcək inkişafa hesablanmış neçə-neçə layihələrin, xüsusilə uğurlu neft strategiyasının təməlini qoymasından danışıb. Düşünülmüş xarici siyasət kursu ölkəmiz üçün təkcə siyasi dəstək deyil, həm də iqtisadi əməkdaşlıq və investisiya imkanları yaratdı. Azərbaycanın günbəgün beynəlxalq nüfuzu artmağa, iqtisadiyyatımızın müxtəlif sahələrinə külli miqdarda xarici sərmayələr yatırılmağa başlanıldı. Heydər Əliyevin hüquqi dövlət quruculuğunda zəngin irsinə nəzər salarkən Uinston Çerçilin sözlərini xatırlatmaq olar: "dövlət xadiminin siyasətçidən fərqi ondadır ki, siyasətçi növbəti seçkiləri, dövlət xadimi isə gələcək nəsli düşünür". Bu sözlər sanki Azərbaycanın sabahını, xalqımızın rifahını daim düşünən ümummilli liderimiz Heydər Əliyev haqqında deyilmişdi.

Tədbirin digər iştirakçıları, o cümlədən DA-nın Həmkarlar İttifaqı Komitəsinin sədri Cabir Yusifov və Agentliyin gənclər adından çıxış edən əməkdaşı Aydan Hüseynova isə öz çıxışlarında dövlətimizin və dövlətçiliyimizin banisi, Azərbaycan xalqının xilaskarı olan ulu öndər Heydər Əliyev siyasətinin uğurlu nəticələrindən bəhs edərək, onun zəngin irsinin bütün nəsillər üçün örnək olduğunu diqqətlərə çatdırıb.