2018-ci ilin 4 aprel tarixində Bakı şəhərində “Azərbaycanda yaşıl investisiyaların və maliyyələşmənin miqyasının genişləndirilməsi” adlı beynəlxalq seminar keçirilmişdir.

2018-ci ilin 4 aprel tarixində, Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyinin və İqtisadi İnkişaf və Əməkdaşlıq Təşkilatının (İƏİT) birgə təşkilatçılığı ilə “Azərbaycanda yaşıl investisiyaların və maliyyələşmənin miqyasının genişləndirilməsi” adlı beynəlxalq seminar keçirilmişdir.

Tədbir iştirakçılarını salamlayan Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyinin sədr müavini cənab Cəmil Məlikov ölkədə alternativ və bərpa olunan enerji mənbələrindən (ABOEM) və enerjidən səmərəli istifadə sahəsində görülmüş işlər və əldə olunmuş nailiyyətlər, o cümlədən qəbul edilmiş dövlət proqramları və konsepsiyalar, qanunvericilik bazasının təkmilləşdirilməsi istiqamətində görülmüş işlər, Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 6 dekabr tarixli 1138 nömrəli Fərmanı ilə təsdiq edilmiş Strateji Yol Xəritələrində yaşıl iqtisadiyyata aid olan tədbirlər haqqında və eyni zamanda cari seminarın mahiyyəti haqqında geniş məlumat verdi. Tədbirdə salamlama nitqi ilə çıxış edən Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin əməkdaşı xanım Ülviyyə Abdullayeva və İƏİT-in nümayəndəsi xanım Nelly Petkova seminarın mövzusunun aktuallığı və hər iki beynəlxalq təşkilat tərəfindən atılan addımlar haqqında geniş məlumat verdilər.

Seminarda İqtisadiyyat, Maliyyə, Energetika, Ekologiya və Təbii Sərvətlər Nazirliklərinin, Milli Elmlər Akademiyasının, Dövlət Neft Fondunun, ADA-nın, Mərkəzi Bankın, “Unibank”, Paşa Bank, Bank Respublika və digər kommersiya banklarının, beynəlxalq təşkilatların yerli təmsilçiliklərinin (Avropa Yenidənqurma və İnkişaf Bankı, Asiya İnkişaf Bankının, Alman Beynəlxalq Əməkdaşlıq Cəmiyyəti, Dünya Bankı və s.), eləcə də, “İƏİT”-in dəvəti ilə gəlmiş “Oxford Consulting Partners”in, “Ukreximbank”ın, “Sigra Group”un, “Climate Wedge Ltd”nin, “New Economics Foundation”nın nümayəndələri ilə yanaşı, istehsal müəssisələrinin, elm adamlarının və müxtəlif QHT-in (İqtisadi və Sosial İnkişaf Mərkəzi, Beynəlxalq Eko-Enerji Akademiyası və s.),   nümayəndələri də iştirak etmişdir.

Tədbirin plenar iclaslarında xüsusilə ətraf mühit və iqlim məsələlərinə tövhə verən iqtisadi təşəbbüslərin maliyyələşdirilməsi məsələsi müzakirə olunmuş və bunlarla bağlı ən yaxşı beynəlxalq nümunələr təqdim edilmişdir. Eyni zamanda, bu istiqamətdə Azərbaycanda dövlət və özəl sektor tərəfindən görülməli işlər və nəticəyönümlü mexanizmlərin inkişaf etdirilməsi ilə bağlı təkliflər səslənmişdir.

Sessiyalarda çıxış edən xarici qonaqlar, “Kommersiya yönümlü maliyyə institutları vasitəsilə ətraf mühitin maliyyələşdirilməsi”, “Dayanıqlı Enerjinin Maliyyələşməsi”, “Yaşıl investisiyaları səfərbər etmək üçün Enerji Servis Kampaniyası (ESCO) modelindən istifadə”, “İqlim həllərinin miqyaslı və sürətli maliyyələşdirilməsi üçün maliyyə bazarlarına çıxış” və “Mərkəzi banklar, iqlim dəyişməsi və aşağı karbon iqtisadiyyatına keçid” adlı təqdimatlarla çıxış etmiş, həmçinin yerli iştirakçılar bərpa olunan enerji ilə işləyən su nasosları sistemlərinin kənd təsərrüfatına tətbiqi, ölkədə bərpa olunan enerjidən istifadə sahəsində investisiyaların və ESCO şirkətinin mövcud vəziyyəti ilə bağlı məlumat vermişdir.

Sonda sessiyalarda qoyulmuş məsələlərlə bağlı və eləcə də gələcək əməkdaşlıq istiqamətlərinin müəyyən olunması üçün təkliflərin 2 ay müddətində təqdim olunması və işçi qaydada müzakirə olunması qərara alınmışdır.

Seminarda təqdim olunmuş çap materialları və təqdimatlar:

Agenda _AZ.pdf

Azerbaijan_Background paper.pdf

Daniel Fjaertoft_Azeri.pdf

Frank van Lerven_Azeri.pdf

GESCO_Faqan_Azeri.pdf

Matthew Savage_Azeri.pdf

OECD_KBruning_Azeri.pdf

Rasim_Solar water pumping_Azeri.pdf

Rauf Rzayev_Marriott Azeri.pdf

SERGIY_Azeri.pdf

Nelly Petkova_AZ.pdf