ABOEM üzrə Dövlət Agentliyi I Respublika İnnovasiya Müsabiqəsində qalib oldu.

21 dekabr 2017-ci il tarixində Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi Birləşmiş Millətlər Təşkilatının Azərbaycan Nümayəndəliyi ilə birgə I İnnovasiya Müsabiqəsinin yekunlarına dair tədbir keçirdi. BMT-nin 2030-cu ilədək Dayanıqlı İnkişaf üzrə Gündəliyinin məqsədlərinin təşviqi, innovasiyaların həvəsləndirilməsi, həmçinin "Azərbaycan 2020: Gələcəyə Baxış" İnkişaf Konsepsiyasının və "Kiçik və orta sahibkarlıq səviyyəsində istehlak mallarının istehsalına dair Strateji Yol Xəritəsi"nin icrasına dəstək məqsədilə təşkil edilən müsabiqə ölkəmizdə innovasiya sahəsində bu formatda keçirilən ilk tədbirdir. Müsabiqəyə İqtisadiyyat Nazirliyi və “ASAN xidmət”in “İdeya Bankı” vasitəsilə iqtisadi, sosial və ekoloji sahələri əhatə edən 200-ə yaxın layihə təqdim olunub.

I Respublika İnnovasiya Müsabiqəsində Dövlət Agentliyinin sədr müavini Nurəli Yusifbəyli və Texniki tənzimləmə şöbəsinin müdiri Sənan Abbasovun həmmüəllifi olduğu "Bioqaz stansiyasının quraşdırılması üzrə innovativ layihə" həm ikinci yerə, həm də BMT-nin Ərzaq və kənd təsərrüfatı təşkilatının (FAO) fərdi mükafatına layiq görülmüş, eyni zamanda Texniki tənzimləmə şöbəsinin böyük məsləhətçisi Cahid Mikayılov və aparıcı məsləhətçisi Xaqani Bayramov tərəfindən hazırlanmış "BriketAz: Briket yanacağı istehsalı" adlı layihə ilk beşliyə daxil olaraq BMT-nin həvəsləndirici mükafatını almış, hər iki layihə müəllifləri, uyğun olaraq diplom və şəhadətnamə ilə təltif edilmişlər.