7-ci Xəzər beynəlxalq “Energetika və Alternativ enerji” sərgisi keçirilir

        31 may - 3 iyun 2017-cı il tarixlərində Bakı Ekspo Mərkəzində XXIV Beynəlxalq “Xəzər Neft və Qaz-2017” sərgi və konfransı ilə paralel enerji səmərəliliyi və  bərpa olunan enerji sahəsində yeganə ixtisaslaşmış tədbir olan 7-ci Xəzər beynəlxalq “Energetika və  Alternativ enerji”  sərgisi keçirilir.

        Bu il keçirilən sərgidə Dövlət Agentliyinin stendi ilk dəfə olaraq açıq havada nümayiş etdirilir. Stend soyuducu motoroller, avtosoyuducu yarımqoşqu və günəş izləmə sistemindən ibarətdir. Motoroller və avtosoyuducu yarımqoşqu Dövlət Agentliyinin tabeliyində fəaliyyət göstərən “Azalternativenerji” MMC-nin mütəxəssislərinin texniki dəstəyi əsasında “Azgüntex” MMC Günəş texnologiyaları zavodunda “GünMotors” layihəsi çərçivəsində modifikasiya edilmiş və üzərinə  günəş panelləri yerləşdirilməklə xüsusi texnologiya ilə hazırlanmışdır.

        Sərgidə nümayiş olunan avadanlıq vasitəsilə uzaq məsafəyə günəş enerjisindən istifadə edilməklə tez xarab olan və yaxud soyuducuda saxlanmasına ehtiyac duyulan məhsulların daşınmasının və saxlanmasının səmərəliliyi artır və ayda 1 ton dizel yanacağına qənaət etməyə imkan verir.

        Mütəxəssislərimiz tərəfindən  hazırlanmış və ölkəmizdə ilkə imza atan bu texnologiya sərgi ziyarətçilərinin, o cümlədən İran, Özbəkistan, Türkiyə kimi ölkələrdən gəlmiş nümayəndələrin böyük marağına səbəb olmuşdur. Qeyd edək ki, Dövlət Agentliyi nümayiş etdirilən eksponatlar üçün "Ən yaxşı korporativ tərtibata görə"  Sertifikatı ilə təltif edilmişdir.

          Xatırladaq ki,   7-ci Xəzər beynəlxalq “Energetika və  Alternativ enerji” sərgisi 3 iyun 2017-ci il tarixinədək davam edəcəkdir.