Bakı şəhərinin bir sıra məktəbləri Qobustan Eksperimental Poliqonu və Tədris mərkəzinə ekskursiya etdilər

6-12 mart 2017-ci il tarixlərini əhatə edən  “Uşaqdan böyüyə - zərərsiz enerji həftəsi”nin yekunu olaraq 11 mart 2017-ci il tarixində ABOEM üzrə Dövlət Agentliyinin təşkilatçılığı ilə Bakı şəhərinin 36, 80, 164 və 203 saylı orta məktəblərindən 75 nəfərlik müəllim-şagird heyəti Qobustan Eksperimental Poliqonu və Tədris mərkəzinə  ekskursiya etdilər. Ekskursiya “Yenilənə bilən enerji ilə biliyimizi yeniləyək”  adı altında orta məktəblərdə  keçirilən  layihə çərçivəsində Dövlət Agentliyinin Tədbirlər Planına uyğun olaraq, həftə ərzində adı çəkilən məktəblərdə bərpa olunan enerji növləri, onların xüsusiyyətləri, bərpa olunan enerjinin əhəmiyyəti, ölkəmizin bu istiqamətdə potensialı və Dövlət Agentliyinin cari sahədə gördüyü işlər və s mövzuda   keçirilən təlimləri təcrübi yekunlaşdırmaq, şagirdlərin əldə etdikləri nəzəri biliklərin praktikada tətbiqini möhkəmləndirmək məqsədilə həyata keçirildi. Ekskursiya zamanı tələbələrə günəş panellərin işlənməsi, prinsipləri, külək stansiyaların növləri və texnologiyası, mərkəzdə  fəaliyyət göstərən “ağıllı şəbəkə” haqqında geniş məlumatlar verildi.

Qeyd edək ki, 2011-ci il sentyabrın 13-də möhtərəm Prezident İlham Əliyevin iştirakı ilə dünyada ilk Hibrid Stansiya olan “Qobustan Eksperimental Poliqonu və Tədris Mərkəzi” istifadəyə verilib.  38 hektar ərazisi olan bu mərkəz ümumi qoyuluş gücü 5.6 mvt olan  Külək, Günəş və Bioqaz Elektrik Stansiyalarını özündə birləşdirir. İdarəetmə mərkəzində yaradılmış laboratoriyada mərkəzdə istifadə olunan qurğuları yoxlamaq və eksperimentlər aparmaq mümkündür. İki tədris otağı təlim və tədris kurslarının təşkili üçün nəzərdə tutulmuşdur. Poliqonda və mərkəzdə texnoloji proses dispetçer məntəqəsindən idarə olunur. Həmçinin, ölkədə ilk ölçü-müşahidə stansiyası bu mərkəzdə yaradılmışdır.