ABOEM üzrə Dövlət Agentliyinin təşkilatçılığı ilə həyata keçirilən “Uşaqdan böyüyə - zərərsiz enerji həftəsi” çərçivəsində bu gün Sabunçu rayon N.İsmayılov adına 80 saylı tam orta məktəbdə təlimlər keçirildi

Ötən gündən etibarən Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyinin təşkilatçılığı ilə  “Yenilənə bilən enerji ilə biliyimizi yeniləyək”  adı altında orta məktəblərdə start verilən  silsilə tədbirlər bu gün Sabunçu rayon N.İsmayılov adına 80 saylı tam orta məktəbdə davam etdirildi.

6-12 mart tarixlərini əhatə edən “Uşaqdan böyüyə - zərərsiz enerji həftəsi”  çərçivəsində adı gedən məktəbin 6, 7, 8-ci sinif şagirdləri üçün tükənməyən enerji növləri, alternativ enerjinin əhəmiyyəti, ölkəmizin bu sahədə potensialı və Dövlət Agentliyinin yenilənə bilən enerji sektorunun inkişafı məqsədilə gördüyü işlər, həyata keçirdiyi layihələr haqqında  təlim keçirildi. Onlara nəzəri və praktik biliklər öyrədildi, şagirdləri maraqlandıran suallar cavablandırıldı.

Həmçinin, ay ərzində bərpa olunan enerji növlərinə aid şagirdlərin yaradıcı təxəyyülünə əsaslanan “Buklet yarış-treningi” keçiriləcək, Qobustan Poliqonu və  Təlim-Tədris Mərkəzinə ekskursiyalar təşkil ediləcək. Eləcə də mart ayı ərzində şagirdlər qrup şəklində tükənməyən enerji növləri barəsində referat yazıb, divar qəzeti hazırlayacaq, alternativ enerji haqqında 2-3 dəqiqəlik qısa film çəkəcək, ABOEM haqqında buklet tərtib edərək, tərtib etdikləri bukletlərlə vətəndaşlardan video sorğu keçirəcək,  bu sahəni əks etdirən rəsm çəkib, plastilin, taxta, kağız, ip, müxtəlif bəzək əşyaları və ya tullantı materialları vasitəsilə  plakatlar hazırlayacaqlar.