Azərbaycan Respublikası ərazilərinin Ermənistan silahlı qüvvələrinin işğalı nəticəsində itki və tələfatların qiymətləndirilməsi nəticələri

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 23 dekabr, 2011-ci il tarixli, 3/2593 nömrəli rəsmi razılıq məktubu və tövsiyələri əsasında Nazirlər Kabinetinin 26 fevral 2014-cü il tarixli, 51s nömrəli Sərəncamı ilə “Azərbaycan Respublikası ərazilərinin Ermənistan silahlı qüvvələrinin işğalı nəticəsində itki və tələfatların qiymətləndirilməsi üzrə İşçi Qrupu” yaradılmışdır.

Azərbaycan Respublikası ərazilərinin Ermənistanın işğalı nəticəsində məruz qaldığı zərər, o cümlədən maddi, mədəni və mənəvi itkilər üzrə dəqiq faktlara, beynəlxalq və respublika səviyyəli qanunlara, konvensiyalara, bəyannamələrə, standartlara və praktik təcrübəyə əsaslanaraq fəaliyyət göstərən Azərbaycan Respublikası ərazilərinin Ermənistan silahlı qüvvələrinin işğalı nəticəsində itki və tələfatların qiymətləndirilməsi üzrə İşçi Qrupu  Azərbaycan Respublikasının məruz qaldığı itki və tələfatların təsnifatı üzrə qiymətləndirilməsinə nail olmuşdur.

Azərbaycan Respublikasının məruz qaldığı itki və zərərlərin qiymətləndirilməsində Azərbaycan Dövlət Statistika Komitəsinin, eləcə də mərkəzi və yerli icra hakimiyyəti orqanlarının məlumatlarından, Arxiv - İnformasiya Fondlarının materiallarından,  erməni silahlı təcavüzü və məruz qalınmış itki və tələfatlara dair müxtəlif dillərdə dərc olunan ədəbiyyatlardan, eləcə də İşçi Qrupunun öz araşdırmalarının nəticələrindən istifadə olunmuşdur.

Nazirlər Kabinetinin müvafiq sərəncamlarından irəli gələn vəzifələrin həlli istiqamətində İşçi Qrupu fəaliyyət müddəti ərzində aşağıdakı işləri yerinə yetirmişdir:

- Azərbaycan Respublikasının Ermənistan tərəfindən işğal edilmiş əraziləri, 1988-1994-cü illərdə ermənilərin Azərbaycana  silahlı təcavüzünün miqyası və nəticələri haqqında məlumat mənbələri müəyyən edilmiş, istiqamətlər müəyyənləşdirilmiş, “Fəaliyyət Planı”nın yerinə yetirilməsi məqsədilə itki və tələfatların geniş təsnifatı tərtib olunmuşdur;

- İşçi Qrupu “Fəaliyyət Planı”nı əsasında Azərbaycan Respublikasına Ermənistanın silahlı  təcavüzü və işğal nəticəsində dəymiş zərərlərə dair zəruri materialların toplanması, peşəkar mütəxəssislərin bu işə cəlb edilməsi istiqamətində İqtisadiyyat, Ekologiya və Təbii sərvətlər, Səhiyyə, Energetika, Nəqliyyat, Mədəniyyət və Turizm nazirlikləri, eləcə də müvafiq yerli icra hakimiyyəti orqanları ilə əməkdaşlıq etmişdir. Eyni zamanda qiymətləndirmə və beynəlxalq hüquq sahəsində böyük təcrübəsi olan əcnəbi mütəxəssislər Bakıya dəvət edilmiş, vacib seminarlar təşkil olunmuşdur;

- Dövlətlərin silahlı təcavüz və ərazilərin işğal edilməsi fəaliyyəti nəticəsində vurulmuş zərərlərin yolverilməzliyi və ödənilməsi, Xocalı soyqırımının beynəlxalq cinayət kimi tanınması və s. istiqamətlər üzrə Beynəlxalq hüququn əsasları, eləcə də  dəymiş zərərlərin qiymətləndirilməsində beynəlxalq təcrübə araşdırılmışdır;

- İşçi Qrupundakı mütəxəssislər tərəfindən «Beynəlxalq Qiymətləndirmə», habelə «Münaqişələr və təbii fəlakətlər nəticəsində məruz qalınan itki və tələfatların hesablanması» standartlarına istinad edilərək «İtki və tələfatların qiymətləndirilməsi» standartı işlənib hazırlanmış və Avrasiya Qiymətləndiricilər Birlikləri Assosiasiyasının 21 may 2015-ci il tarixli, XIV Beynəlxalq Konqresində təsdiq olunmuş, beynəlxalq təcrübəyə əsaslanan itki və tələfatların qiymətləndirilməsi metodologiyası işlənilmişdir;

- Ermənistanın silahlı təcavüzü və ermənilərin törətdiyi Xocalı soyqırımı, eləcə də digər terror aktları və insan sağlamlığının itirilməsi nəticəsində dəymiş zərərlərin qiymətləndirilməsi məqsədilə, Naxçıvan MR, Xankəndi, Ağdərə, Şuşa, Laçın, Ağdam, Gədəbəy, Tovuz, Qazax, Göygöl, Tərtər, Ağcabədi, Füzuli, Qubadlı, Xocalı, Xocavənd, Kəlbəcər, Cəbrayıl və Zəngilan rayonlarından olan məcburi köçkün əhali üzrə vətəndaşlara dəymiş zərər haqqında məlumatları əhatə edən (ərizə, arayış, mal-materialların mövcudluğu barədə cədvəllər, protokol və s.) 100 minlərlə sənəd toplanmış, həmin rayonların icra orqanları ilə sıx əlaqələr yaradılmış, mütəmadi ezamiyyələr təşkil olunmuş  və həmin ərazilər üzrə əhalinin məruz qaldığı zərərlər qiymətləndirilmişdir;

- Azərbaycan Respublikası ərazilərinin silahlı münaqişə dövrünədək olan və ermənilər tərəfindən məhv edilmiş sosial-iqtisadi potensialına dair dəqiq məlumatların alınması üçün  ayrı-ayrı müvafiq dövlət strukturlarına müraciətlər olunmuşdur. Əldə edilən rəsmi informasiyalar əsasında mədəniyyət, turizm, səhiyyə, sənaye, infrastruktur, nəqliyyat, rabitə, kommunikasiya və kənd təsərrüfatı obyektlərinə dəymiş zərərlər hesablanmış, Azərbaycan dövlətinin  qaçqın düşərgələrinin və şəhərciklərinin salınması, qaçqın və məcburi köçkünlərin maddi rifah halının yüksəldilməsi, həmçinin izafi müdafiə xərcləri üzrə zərərlərin məbləği müəyyən olunmuşdur.

- Ermənistan, ətraf mühitin mühafizəsinin müxtəlif aspektlərinə dair mövcud olan 500-ə qədər beynəlxalq sazişin müddəalarını kobud şəkildə pozaraq təbii sərvətlərimizi talan etməklə və ətraf mühiti çirkləndirməklə Azərbaycana külli miqdarda iqtisadi və ekoloji zərərlər vurmuşdur və bu istiqamətdə düşmənin fəaliyyəti amansız şəkildə artmaqda davam edir. İşçi Qrupu Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə birgə Ermənistanın Ətraf mühit və təbii sərvətlərimizə 1988-2014-cü illər ərzində vurduğu zərərlərin mümkün qiymətləndirməsini başa çatdırmışdır;

- Azərbaycanın işğal olunmuş ərazilərindəki  tarix və mədəniyyət abidələri amansız erməni vandalizmi ilə üz-üzə qalmışdır. Tarix və mədəniyyət abidələri haqqında lazımi sənədlər, fotogörüntülər və daxil olan materiallar ümumiləşdirilərək analiz edilmiş, hesablamalar aparılmış, tarix və mədəniyyət abidələrinə dəyən zərərin məbləği müəyyən olunmuşdur;

- İşçi Qrupu çoxsaylı beynəlxalq və respublika səviyyəlı konfranslar, seminarlar, dəyirmi masalar, tanınmış mütəxəsislərlə görüşlər, treninqlər keçirmiş və dəymiş zərərlərlə bağlı aidiyyatı qurumlarla birgə araşdırmalar aparmışdır. Bakı şəhərində və bölgələrdə keçirilən tədbirlərdə Azərbaycan Respublikasındakı diplomatik korpusun nümayəndələri, xaricdən dəvət olunmuş qonaqlar, Milli Məclis üzvləri, Nazirlik və Komitələrin əməkdaşları, QHT üzvləri və KİV nümayəndələrinin iştirakı təmin edilmişdir. Bütün tədbirlər internet saytları, televiziya kanalları və digər kütləvi informasiya vasitələri ilə ictimaiyyətə çatdırılmışdır;

- Ayrı-ayrı sahələr üzrə dəymiş zərərlər və qiymətləndirmənin nəticələrinə dair Azərbaycan, rus və ingilis dilində kitablar tərtib olunaraq nəşr etdirilmişdir.

İşçi Qrupu tərəfindən aparılan qiymətləndirmə işlərinin nəticələrinə əsasən Ermənistanın ölkəmizə vurduğu zərərlərin yekun məbləği 819,15 milyard (səkkiz yüz on doqquz milyard bir yüz əlli milyon)* ABŞ dolları həcmindədir. Bu hesablama aşağıdakı cədvəldə həm təsnifatı üzrə həm də yekunda göstərilmişdir.

 


S/s

İtki və tələfatların növləri

Dəymiş zərərin məbləği

(mlrd. ABŞ dolları )

1.

Əhaliyə dəymiş zərərlər:                            

147,80

1.1.  Əhalinin tələf olma, sağlamlığın və normal yaşayış səviyyəsinin itirilməsi hesabına humanitar-mənəvi itkilər  

140,40

1.2. Əmlakının məhv edilməsi nəticəsində əhaliyə dəymiş maddi zərərlər

7,40

2.

Dövlətə dəymiş zərərlər:                           

 126,46

2.1. Sosial sahədə dəymiş zərərlər

33,93

2.2. İqtisadi sahədə dəymiş zərərlər

92,53

3.

Ətraf mühit və təbii sərvətlər üzrə itkilər

244,42

4.

Tarixi və mədəniyyət abidələrinə dəymiş zərərlər

177,00

5.

İşğalla bağlı izafi hərbi xərclər, məhdudiyyətlər və itkilər 

124,47

 

 

   Yekun:               819,15 mlrd.*

                              ABŞ dolları

 

İşçi Qrupunun qiymətləndirmə fəaliyyətinə dair yekun hesabatı tərtib olunur və aidiyyatı orqanlara təqdim olunacaqdır.

Ermənistanın havadarlarının himayəsi altında həyata keçirdiyi silahlı təcavüz və işğal nəticəsində Azərbaycan Respublikasının məruz qaldığı itki və tələfatlar zaman keçdikcə sürətlə artmaqda davam edir ki, bu da münaqişədən sonrakı bərpa xərclərinin də həddən artıq çox olacağına dəlalət edir.

Hazırda Ermənistan tərəfindən işğal olunan Azərbaycan ərazilərindəki zəngin yeraltı və yerüstü təbii sərvətlərin talan edilməsi, həmçinin, torpaqlarımızın işğalının ümumi daxili məhsulun strukturuna mənfi təsiri davam etməkdədir. Azərbaycanda məhsuldar və rəqabətli kənd təsərrüfatı məhsulları istehsalının və bunun müqabilində emal sənayesinin zəifləməsi, Azərbaycanın yay otlaqlarının 70%-nin işğal altında qalması, işğal olunmuş ərazilərdən başqa cəbhə xəttindən Azərbaycanın içərilərinə doğru 50-80 kilometrə qədər məsafədə olan bölgələrin mədəni, mənəvi, sosial-iqtisadi, təbii sərvətlər potensialından istifadədən məhrumiyyətlərə gətirib çıxarır. Beləliklə, qeyd olunan amillərə görə investisiya qoyuluşunun mümkünsüzlüyü kimi əsaslı təsirlər nəticəsində Azərbaycan Respublikası böyük itki və zərərlərə məruz qalmaqda davam edir.

Odur ki, İşçi Qrupu münaqişənin davam etməsi və getdikcə artan zərərlərin nəzarətdə saxlanılaraq mütəmadi dəqiqləşdirilməsi, eləcə də torpaqlarımız işğaldan azad olunduqdan sonra bərpa dəyərinin hesablanmasının vacibliyini nəzərə alaraq bu istiqamətdə  qiymətləndirmə fəaliyyətinin davam etdirilməsini, eyni zamanda Qərbi Azərbaycan torpaqlarından qovulmuş qaçqın əhaliyə dəymiş zərərlərin qiymətləndirilməsini və beynəlxalq hüquq prinsipləri əsasında dəymiş zərərlərə görə Ermənistandan təzminat tələb olunmasını zəruri hesab edir.