Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyinin təşkilati dəstəyi ilə hazırlanmış “Cüt oxlu günəş izləmə sistemi” adlı qurğu Bakı Ali Neft Məktəbinin (BANM) sərəncamına verilmişdir

Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyi (ABOEMDA) və Yaponiya Beynəlxalq Əməkdaşlıq Agentliyinin (JİCA) birgə əməkdaşlığı çərçivəsində Bakı Ali Neft Məktəbinin tələbəsi Ş.Ömərovun “Avtomatlaşdırılmış izləmə sisteminə sahib günəş panelləri ilə alternativ enerji mənbəyi” adlı layihənın həyata keçirilməsi ilə bağlı müraciətinə əsasən, Dövlət Agentliyinin əməkdaşları tərəfindən hazırlanmış layihə JİCA-nın Özbəkistan ofisinə təqdim edilmişdir.

Bu layihə əsasında hazırlanmış “Cüt oxlu günəş izləmə sistemi” adlı qurğunun Bakı Ali Neft Məktəbinə təqdim edilməsi ilə əlaqədar tədbir keçirilmişdir.

Tədbirin birinci hissəsi qurğunun yerləşdiyi BANM-ın yeni kampusunda baş tutmuşdur. Burada hər üç qurumun nümayəndələri qurğu ilə ətraflı tanış olmuşlar. İkinci hissə isə konfrans tipli olmaqla, BANM-ın əsas korpusunda tələbə və müəllim heyətinin iştirakı ilə həyata keçirilmişdir. Bununla yanaşı, tədbir zamanı Dövlət Agentliyi və JİCA-nın nümayəndələrinə Ali Məktəb haqqında ətraflı məlumat verilmiş və gələcək əməkdaşlıq perspektivləri barədə müzakirələr aparılmışdır.