İRENA-nın 7-ci Assambleyası: Alternativ enerji mənbələrinin inkişaf perspektivləri

14-15 yanvar 2017-ci il tarixlərində BƏƏ-nin Əbu Dabi şəhərində Beynəlxalq Bərpa Olunan Enerji Agentliyinin (İRENA) Assambleyasının 7-ci iclası keçirilib. 150-dən çox dövlətin nazir və səlahiyyətli şəxslərinin iştirak etdiyi iclasda Azərbaycan Respublikasını müvafiq olaraq Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyinin sədri Akim Bədəlov və Azərbaycanın BƏƏ-dəki səfirliyinin diplomatik nümayəndələri təmsil ediblər.

Sözügedən iclas çərçivəsində də nazirlər səviyyəsində dəyirmi masa keçirilib. Burada bərpa olunan enerji və enerji təhlükəsizliyi, enerji sektorunun transformasiyası, enerji sektorunda bərpa olunan enerjinin payının artırılması üçün tarif siyasətinin və müasir texnologiyaların inkişafı ilə bağlı müzakirələr aparılmışdır. 

Assambleya çərçivəsində Azərbaycan Respublikasının nümayəndə heyəti İRENA-nın baş direktoru Adnan Z.Amin  və “Masdar City” layihəsinin rəhbərliyi ilə məhsuldar görüşlər keçirmişdir. Danışıqların əsas mövzusu BƏƏ İnvestisiya potensialını  Azərbaycan Respublikası Alternativ və Bərpa Olunan Enerji Mənbələrinin kənd təsərrüfatı sahəsinə tətbiqi layihələrinə yönəldilməsi və AR ərazisində reallaşdırılan “Samux Aqrar Enerji Yaşayış Kompleksi” və “Pirallahı” Günəş Elektrik Stansiyası kimi layihələrin BƏƏ-də “texnoloji transfer” çərçivəsində həyata keçirilməsi məsələləri üzrə müzakirələr aparılmışdır.

Assambleya iclasından sonra, Əbu Dabinin Milli Sərgi Mərkəzində 4 gün davam edəcək ənənəvi “Ümümdünya Gələcəyin Enerjisi” Sammiti 16 yanvar 2017-ci il tarixindən öz işinə başlamışdır.

Xatırladaq ki, Azərbaycan Respublikası 2009-сu ildən İRENA-nın üzvlüyünə qəbul edilmiş və Milli Məclisin 02.05.2014 tarixli qanunu ilə bu təşkilatın tamhüquqlu üzvü olmuşdur.