“Bərpa Olunan Energetikanın inkişafı” Beynəlxalq konfransı keçirildi.

18 oktyabr 2016-cı il tarixindən etibarən  Azərbaycan hökuməti və BMT Avropa İqtisadi Komissiyası (AİK)  Dövlət Agentliyinin təşkilatçılığı ilə Bakı şəhərində BMT-in 70 üzv dövlətindən 400-dən artıq hökumət rəsmiləri, beynəlxalq enerji ekspertləri, maliyyə və işgüzar sektorun nümayəndələri, elmi tədqiqatçılar, alimlər və ictimaiyyət nümayəndələrinin iştirakı ilə “Dayanıqlı inkişaf üçün enerji” VII Beynəlxalq Forumu öz işinə başlayıb. Üç gündür  davam edən forumda paralel olaraq Bərpa Olunan Enerji və Enerji Səmərəliliyi üzrə Ekspertlər qrupunun sessiyaları keçirilir.

20 oktyabr Azərbaycanda Energetiklər günündə “Bərpa Olunan Energetikanın inkişafı”  adlı Beynəlxalq konfrans və  BMT AİK-in Bərpa Olunan Enerji üzrə Ekspertlər Qrupunun 3cü sessiyası  öz işinə başladı. Konfransda dayanıqlı inkişaf məqsədlərinə nail olunması üzrə BMT tərəfindən qəbul olunmuş 17 dayanıqlı inkişaf məqsədlərindən yeddincisinin- hamı üçün enerjinin əlçatan, etibarlı və dayanıqlılıq kriteriyasına cavab verən enerji təminatının milli səviyyədə həllini tapması, 2011-ci ildə regionda ilk dəfə olaraq Azərbaycanda istifadəyə verilmiş  hibrid tipli “Qobustan Elektrik Stansiyası”nın fəaliyyəti, Azərbaycan təcrübəsi, o cümlədən Naxçıvan Muxtar Respublikasında enerji istehlakının 61%-ın bərpa olunan enerji mənbələri hesabına təmin olunması və “Paris İqlim Sazişi”dən irəli gələn bir sıra digər məsələlər tədbir iştirakçılarının diqqətinə çatdırılmışdır. Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyinin sədrinin müavini, texniki elmlər doktoru, professor Nurəli Yusifbəylinin sədrliyi ilə keçirilən konfrans  Enerji səmərəliliyi üzə Kopenhagen Mərkəzi (C2E2), Beynəlxalq Bərpa Olunan Enerji Agentliyi (IRENA), BMT AİK-in Bərpa Olunan Enerji Qrupunun iştirakı ilə davam edərək bərpa olunan enerji və enerji səmərəliliyi sinerjisi, Cənub-Şərqi Avropada bərpa olunan enerjinin hazırki vəziyyəti və potensialı və  bərpa olunan enerjinin gələcəyi üçün yol xəritəsi və digər məsələlər müzakirə olundu.

Sonra Dövlət agentliyinin rəhbər şəxsləri və əməkdaşları Fəxri Xiyabanda xalqımızın Ümummilli Lideri, müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin xatirəsini ehtiramla yad edib, məzarı önünə güllər düzüblər. Görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi yad olunub, məzarı üzərinə güllər düzülüb.