Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyinin sədri Akim Bədəlov və BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi Ghulam M. İsaczai arasında görüş keçirilib.

Sədr Akim Bədəlov ölkəmizdə ABOEM sahəsində yaradılmış institusional mühit, həyata keçirilən layihələr, kadr potensialı və perspektiv imkanlar barədə ətraflı məlumat verdi, o cümlədən sahə üzrə BMT-nin regional komissiyaları və yerli nümayəndəliyi ilə fəal əməkdaşlıq əlaqələrinin olduğunu ifadə etdi.

Həmçinin, görüş zamanı Dövlət Agentliyinin təşkilatçılığı ilə 18-21 oktyabr 2016-cı il tarixlərində Azərbaycan höküməti və BMT  Avropa İqtisadi Komissiyasının (BMT AİK)  “Dayanıqlı inkişaf üçün enerji” VII Beynəlxalq Forumu və BMT AİK-in Bərpa Olunan Enerji və Enerji Səmərəliliyi üzrə Ekspertlər qrupunun  3-cü sessiyası barədə məlumat qonağın nəzərinə çatdırılıb.  

Nümayəndəliyin rəhbəri Ghulam M. İsaczai Azərbaycanda sahə üzrə əldə edilmiş nailiyyətlərin və qazanılan təcrübənin təqdirəlayiq olduğunu qeyd edərək, sıx əməkdaşlığın davam etdirilməsinin və birgə layihələrin həyata keçirilməsinin əhəmiyyətini vurğulayıb.